Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində iftar mərasimi təşkil olunub

Azərbaycanın Almaniyadakı səfirliyi Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində türk dövlətlərinin səfirlərinin iştirakı ilə iftar mərasimi təşkil edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Berlində səfərdə olan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Raev tədbirin xüsusi qonağı olub.

Tədbirdə ortaq türk tarixi və mədəni irsinin Almaniyada təbliği istiqamətində nəzərdə tutulan tədbirlər, mədəniyyət və incəsənət sahələrində birgə fəaliyyət və layihələr, digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev bu gün Türk dünyasının yüksəliş dövrünü yaşadığını, bir çox sahədə türk dövlətlərinin sıx əməkdaşlıq etdiyini və bu qardaşığın hər birimizi qürurlandırdığını diqqətə çatdırıb.

Səfir, ortaq türk tarixinin, mədəniyyətinin, mədəni irsinin, bəşəriyyətə verdiyi töhfələrin dünyada, o cümlədən Almaniyada geniş təbliğinin vacibliyini qeyd edərək, bu istiqamətdə nəzərdə tutulan planlardan danışıb.

Sultan Raev TÜRKSOY-un türk dünyasının ortaq tarixi-mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması missiyasından söz açaraq, türk dövlətlərinin xarici ölkələrdəki səfirliklərinin səmərəli fəaliyyətinin və fəal əməkdaşlığının bu baxımdan vacib rol oynadığını qeyd edib.

Berlinə səfəri müddətində TÜRKSOY-un baş katibi S.Raev səfir N.Ağayev ilə görüşüb, Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti və burada yaradılan şəraitlə tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə