Martın 17-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) təşkilatçılığı ilə şəhid ailələri və Vətən müharibəsi əlilləri üçün Novruz bayramı münasibətilə konsert proqramı təşkil edilib. Dövlət müstəqilliyinin əldə olunması, sərhədlərimizin müdafiəsi, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Lənkəran ŞİH başçısı Taleh Qaraşov Novruz bayramının xalqımızın həyatındakı yerindən danışıb. Bildirib ki, Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətinin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar: ”Saflıq və təmizlik rəmzi olan Novruz bayramını xalqımız hər il olduğu kimi bu il də daha təntənə ilə, alnıaçıq və üzüağ qeyd edir. İllərlə həsrətində olduğumuz torpaqlarımızda artıq Novruz tonqalı qalanır, təbiət əsl sahiblərinin gözləri önündə canlanır, milli adən-ənənələrimiz işğaldan azad edilən ərazilərimizdə yenidən yaşadılır, vaxtılə zorla doğma yurd-yuvalarını tərk edən insanlar öz evlərində və isti ocaqlarının başında Novruz ənənəsinə uyğun bayram süfrələri açırlar”.
Taleh Qaraşov füsünkar gözəlliyi, bol ruzi və bərəkəti ilə torpaqlarımıza gələn bahar fəslinin insanların ürəklərində yeni arzular, yeni duyğular oyatdığını, hər birimizə doğma Vətənimizin tərəqqisi naminə quruculuq-abadlıq işlərinin daha sürətlə aparılması gücünü verdiyini vurğulayıb.
Şəhid atası Əkbərov Fayəddin Əziz oğlu şəhidlərimizin xatirəsinin dövlət tərəfindən hər zaman yüksək qiymətləndirildiyini və əziz tutulduğunu qeyd edib, buna görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Daha sonra tədbirin bədii hissəsində rayonun mədəniyyət, folklor klublarının və incəsənət işçilərinin iştirakı ilə musiqi, rəqs nömrələri təqdim olunub.
Novruz bayramınız mübarək olsun!
Sərraf Talıbov
Bütün xəbərlər Facebook səhifəmizdə