Ölkəmizdə kino və teatrların bugünkü vəziyyətinə aktyorun BAXIŞI - AÇIQLAMA
Kino və teatr sahəsi sürətlə inkişaf edən və dəyişən sahədir. Hər il yeni mövzularda yeni əsərlər səhnəyə qoyulur. Bəs ölkəmizdə kino və teatrın bugünkü vəziyyəti nə yerdədir? Aktyor Vahid Orucoğlu mövzu ilə bağlı SİA-ya açıqlama verib.
Aktyor bildirib ki, kino və teatra maraq ötən illərə nisbətən artıb: “Ötən illərə nisbətən daha çox izləyici sayının şahidi oluruq. Artıq daha çox izləyici kino və teatrlara üz tutur. Biz bu sahənin üzvü olaraq çalışmalıyıq ki, daha çox insanı kino və teatra cəlb edək. Tamaşaçı sayı artır, biz istər ssenari, istər aktyor oyunu, istərsə də rejissor işi ilə tamaşaçıların istədikləri keyfiyyətdə əsərlər ərsəyə gətirməli, istənilən yaş qrupunu razı salmalıyıq.
Aktyor qeyd edib ki, kino və teatrların istənilən reytinqə çatmasının önündə reklam və PR-ın zəifliyi kimi maneələr durur: "Nnümunələrə baxarsaq reklam və PR-a çox yüksək vəsaitlər, film büdcəsinin yarısı qədər vəsait ayrılır. Bizdə isə bu vəsait azdır. Bu isə kino və teatrın daha az izləyiciyə çatmasına səbəb olur. Bu səbəbdən keyfiyyətli əsərlər geniş auditoriyaya çatmır. Maddi olmayan reklama daha çox diqqət ayrılarsa yaxşı olar. Maddi olmayan reklam tamaşaçıların özlərindən asılıdır. Tamaşaçı bəyəndiyi filmi və ya teatrı digər insanlarla, yaxınları ilə bölüşə bilər. Mədəniyyət müəssisələrində ödənilən ƏDV-nin 50%-nin geri qaytarılması özü də bu sahəyə marağın artması üçün atılan addımdır. Müvafiq qurumlar tərəfindən bu sahəyə marağın artması üçün daha çox addımlar atılması arzuolunandır".
Aktyor son olaraq yeni mövzularda əsərlərin meydana çıxarılmasının zəruriliyini vurğulayıb: “Yeni mözularda əsərlər izləyicilərin diqqətini daha çox cəlb edər. Tarixi mövzularda, 44 günlük müharibə haqqında filmlər, tamaşalar artsa yaxşı olar. Bu sahənin üzvləri olaraq bu barədə çalışmalı, yeni tamaşalar, kinolar səhnəyə qoymalıyıq”.
Ayaz Zeynalzadə
Bütün xəbərlər Facebook səhifəmizdə