"Filmin ömrü bir günlük olmamalıdır" - TƏƏSSÜRATLAR

8-11 oktyabr tarixlərində Bakı və Şuşa şəhərlərində III “Korkut Ata” Türk Dünyası Film Festivalı keçirilir. Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşır. Festivalın məqsədi Türk dünyasının birliyini və türk xalqları arasında mədəni əməkdaşlığı inkişaf etdirmək, türk dövlətlərinin iştirakı ilə ortaq audiovizual məkan yaradaraq türk xalqlarının bu məkana inteqrasiyasına töhfə verməkdir. SİA film festivalı ilə bağlı incəsənət adamlarının təəssüratlarını öyrənib.

Azərbaycan teatr və kino aktyoru, Əməkdar artist Ayşad Məmmədov: "Əslində, film festivalları sənət adamlarını bir yerə yığmaq, yeni adların üzə çıxması üçün çox gözəl bir bəhanədir. Hər kəs bir-biri ilə görüşür, müzakirələr edirlər. Bu festivallar sayəsində yeni istedadlar üzə çıxır. Eyni zamanda, bu vəsilə ilə türk dünyasına daxil olan xalqlar bir yerə yığışırlar. Mənim də çəkildiyim Elçin Musaoğlunun "Məryəm" adlı filmi bu festival çərçivəsində Nizami kinoteatrında nümayiş olunacaq.

Köhnə filmlərlə indiki filmləri müqayisə etdikdə isə görürük ki, iki dövrün filmlərinin energetikası eyni deyil. İndiki tamaşaçılara o qədər ciddi əsər verməyiblər ki, lazımi əsərlər ortaya qoyulanda qəbul edilsin. Tamaşaçılara elə şeylər göstərmək lazımdır ki, gələcək nəsillər də ona baxa bilsin. Filmin ömrü 1 saatlıq və ya günlük olmasın. Filmin ömrü uzun olmalıdır".

Milli Akademik Dram Teatrının aktyoru, Xalq artisti Rafiq Azimov: "Əvvəla, onu qeyd edim ki, mən də bu festivalın iştirakçısıyam. Dədə Qorqud obrazında mən çıxış edirəm. Baxmayaraq ki bu gün hazırlıq prosesi davam edir, məni də festivalın açılışı üçün dəvət ediblər və burda iştirak edirəm. Bu festivalda çıxış etdiyim üçün özümü xoşbəxt hiss edirəm. Çünki bütün türk dünyasının iştirakı ilə qonaqların qəbulu, onların qarşısında çıxışlar şərəf hissi verir. Paytaxtımızda bayram abu-havası var. İnsanların üzündəki sevinci görəndə ürəyim dağa dönür. İnsanlar artıq məyus deyil, fikir etmirlər. Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun sayəsində xalqımız qalibiyyətə qovuşdu. Mən Şuşaya gedəndə təəccüblənmişdim ki, ordumuz bu dağları 44 gündə necə aşıblar. Bir tərəfdən də sevinirəm ki, işğaldan azad olunmuş ərazilərdə möhtəşəm işlər görülür. Ona görə də xalqımızın üzü gülür".

Azərbaycan kino rejissoru, ssenari müəllifi, Xalq artisti Vaqif Mustafayev: "Festivalın əhəmiyyəti elə onun adından bilinir. Biri "Korkut Ata" olmaqla iki festival keçirilir. Digəri isə oktyabrın 19-da baş tutacaq Türk dünyası Belgesel Filmlər Festivalıdır. Bütün bunlar türk dünyasının mədəniyyət sahəsində fəallığını bildirir. Türk dünyasının sənəti artıq festival keçiriləcək qədər inkişaf edib.

Düşünürəm ki, indiki türk dünyası filmlərinin izləyici kütləsi də kifayət qədərdir. Afişalarda mənim "Həyat deyəsən gözəldir" filmim gedir. Onu da qeyd edim ki, Bursada baş tutan II "Korkut Ata" festivalında türk dünyasının "Ən yaxşı rejissoru" adına layiq görüldüm".

Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, Əməkdar artist Nicat Kazımov: "Ümumiyyətlə, bütün festivallar aktyorların, rejissorların, ssenaristlərin, yaradıcı adamların xeyrinə işləyir. Biz yalnız öz qazanımızda qaynamırıq, yəni bütün dünyada baş verən hadisələri görürük. Eyni zamanda, dünyaya da öz işlərimizi təqdim edə bilirik. Bu baxımdan hər bir festival, xüsusilə də "Korkut Ata" film festivalı çox önəmlidir. Çünki türkdilli dövlətlərin filmləri nümayiş olunur. Bizim mədəniyyətimizin kökü birdir və bir ağac kimi qol-budaq atıb. Həmin budaqların hərdən bir-birindən xəbəri olmur. Bu festival sayəsində həmin budaqlar bir-birindən xəbər tutacaq və bilinəcək ki, hansı budaq hansı meyvəni verir. Həqiqətən də bu, əsl kino bayramıdır".

Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktyoru, Əməkdar artist Çingiz Əhmədov: "Festival mənim üçün də yenilikdir. Haqqında çox söz deyə bilmirəm. Yəqinki filmləri izlədikdən sonra müəyyən fikir formalaşacaq. Amma təbii ki, bu festival ümumi gedişat üçün yaxşı irəliləyişdir. Türk dünyası qardaşlığı bir daha möhkəmlənir. Bu gün bütün incəsənət adamları buradadır. Festivala da, iştirakçılara da uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə