Avropa İttifaqına (Aİ) üzv ölkələr 2026-cı il yanvarın 1-dən etibarən Bolqarıstanın avrozonaya daxil olmasını təsdiqləyib. SİA xəbər verir ki, qərar Brüsseldə Aİ-nin maliyyə nazirləri tərəfindən qəbul edilib. İyun ayının əvvəlində Avropa Komissiyası Bolqarıstanın gələn il yanvarın 1-dən etibarən avronun istifadəsinə başlamaq üçün bütün meyarlara cavab verdiyini bildirən hesabat dərc edib. Beləliklə, avrozona 21 ölkəyə qədər genişlənəcək.
“Bu gün Şura Bolqarıstanın 2026-cı il yanvarın 1-dən avroya keçməsi üçün zəruri olan son üç hüquqi aktı qəbul edib. Bu, Bolqarıstanı avrozonanın 21-ci üzvü edəcək prosesi tamamlayır və ölkə gələn ildən Aİ-nin vahid valyutasından istifadə edə biləcək”, - deyə bəyanatda deyilir.
Avro hazırda 20 ölkədə təxminən 347 milyon avropalı tərəfindən istifadə olunur. Avrozonaya daxil olmaq o deməkdir ki, avro əskinaslarından və sikkələrindən istifadə etməklə yanaşı, ölkə Avropa Mərkəzi Bankının İdarəetmə Şurasında da yer alır.
Bütün xəbərlər Facebook səhifəmizdə