Çinli tədqiqatçılar təyyarə qəzalarının qarşısını almaq üçün “zefir” ləqəbli yeni təhlükəsizlik sistemi yaradıb
Çinli tədqiqatçılar fövqəladə hadisələr zamanı təyyarələri uçuş-enmə zolağında yumşaq şəkildə saxlaya bilən yeni təhlükəsizlik sistemi hazırlayıblar. SİA xəbər verir ki, yenilik Çin Tikinti Materialları Akademiyası (CBMA), Çin Mülki Aviasiya Elm və Texnologiya Akademiyası və texnoloji firmanın əməkdaşlığı sayəsində ərsəyə gəlib. Tədqiqat qrupunun hazırladığı yeni material adi betona bənzəsə də, 80 faizdən çox məsaməliliyə malikdir. Materialın hər kubmetri 200 kiloqram ağırlığındadır ki, bu da adi betondan 10 dəfə azdır.
CBMA-nın tədqiqat və inkişaf mühəndisi Fan Cün bildirib ki, “zefir” ləqəbli yeni material möhkəm görünsə də, zərbə zamanı əzilmə yolu ilə kinetik enerjini “udur”. Beləliklə, o, yumşaq maneə rolunu oynayır və fövqəladə enişin maksimum dərəcədə yumşaq olması üçün təyyarənin sürətini yavaşladır.
Qeyd edək ki, uçuş və eniş qəzaların tez-tez baş verdiyindən təyyarələrin təhlükəsizliyi üçün kritik mərhələ hesab olunur. Beynəlxalq Mülki Aviasiya Təşkilatı qəza risklərini azaltmaq üçün uçuş-enmə zolağından ən azı 90 metr kənarda təhlükəsizlik zonası (RESA) yaradılmasını tələb edir. RESA kimi adətən su hovuzları, ot sahələri, torpaq və ya qumdan istifadə olunur. Lakin bu cür variantlar qeyri-sabit və ekoloji cəhətdən həssasdır. Çinli tədqiqatçıların hazırladığı köpük beton isə hər hava şəraitində istifadəyə yararlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə