zərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə “Şəhər günü” hər il rəngarəng bayram tədbirləri ilə qeyd olunur. Şəki şəhərinin 2713 illiyi münasibətilə iyulun 6-da “Yuxarı Karvansaray” mehmanxana kompleksində bayram tədbiri keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, “Şəhər günü”nün Şəkidə “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalının keçirildiyi günlərə təsadüf etməsi sakinlərin bayram sevincinə əlavə rəng qatıb.
Bayram tədbirinin iştirakçıları əvvəlcə Şəki sənətkarlarının əl işlərindən ibarət sərgilərə baxıblar.
Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, şəhər sakinlərini əlamətdar bayram münasibətilə təbrik edib. Bildirilib ki, 2713 illiyini qeyd edən, Böyük İpək Yolunun üzərində yerləşən qədim Şəki bütün dövrlərdə Azərbaycan tarixində mühüm yerə malik olub. Şəkinin nadir tarixi memarlıq abidələri – karvansaraylar, məscidlər, minarələr, evlər, qala divarları, körpülər buranın qədim memarlıq üslubundan xəbər verir. Rayon ərazisində dövlət mühafizəsinə götürülmüş 134 arxeoloji və memarlıq abidəsi var. Onlardan Kiş kəndindəki Alban məbədi, Şəki Xan Sarayı dünya əhəmiyyətli abidələrdir. Şəki bu gün həm də ölkəmizin önəmli turizm mərkəzi kimi tanınmaqdadır. Şəki şəhəri tarixi memarlıq abidələri, gözəl təbiəti, ənənəvi sənətkarlıq və mətbəx mədəniyyəti ilə yerli və xarici turistlərin diqqətini cəlb edir.
Diqqətə çatdırılıb ki, Şəkinin sənətin və sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biri olması bu şəhərə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə üzv olmaq hüququ qazandırıb. 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iclasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Qeyd olunub ki, Şəki Azərbaycanda, eyni zamanda, festivallar şəhəri kimi də tanınır. Hər il bu şəhərdə keçirilən “İpək Yolu” Beynəlxalq musiqi, şirniyyat, teatr festivalları və beynalxalq səviyyəli tədbirlər şəhərin qeyri-maddi irsinin qorunub saxlanmasına imkan yaradıb, eyni zamanda, turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynayıb.
Elxan Usubov bildirib ki, hazırda Şəkidə “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalı öz işini uğurla davam etdirir. Bu möhtəşəm musiqi bayramı sakinlərə, şəhərin qonaqlarına, musiqisevərlərə xoş anlar yaşadır.
Sonra Şəkinin ictimai-mədəni həyatında yaxından iştirak edən bir qrup şəxsə fəxri fərmanlar təqdim olunub.
Bayram tədbiri tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə