Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalı başa çatıb

Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 4-də başlanan Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb.

Üç gün davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər Türkiyə və Çin Xalq Respublikasının, eləcə də Azərbaycanın tanınmış musiqi kollektivlərinin, istedadlı musiqiçilərin çıxışlarını izləyiblər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, iyulun 6-da axşam “Marxal” kompleksinin Yay Teatrında festivalın təntənəli bağlanış mərasimi olub. Tədbirdə festivalın təşkilatçı qurumlarının, Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəliyinin rəsmiləri, şəhid ailələrinin üzvləri, şəhərin qonaqları, musiqisevərlər iştirak ediblər.

Mərasimdə Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib. Konsert Vətən müharibəsindəki şanlı Zəfərimizin 5 illiyinə həsr edilib.

Məlumat verilib ki, Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri ilk dəfə 2004-cü il iyunun 21-də Prezident İlham Əliyevin Xudat Sərhəd Dəstəsinə səfəri zamanı çıxış edib. Həmin vaxtdan Hərbi Orkestr Dövlət Sərhəd Xidmətində, eləcə də respublikamızda keçirilən müxtəlif mədəni-kütləvi tədbirlərdə fəal iştirakı ilə seçilir. Kollektiv Sərhəd Xidmətinin hərbi qulluqçularının döyüş ruhunun yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədilə tez-tez hərbi hissələrdə sərhədçilər qarşısında konsertlər verir.

Orkestrin repertuarını müxtəlif janrlı əsərlər – klassik, caz, estrada və populyar musiqi təşkil edir. Repertuarda vətənpərvərlik ruhunda mahnılara, habelə xalq və bəstəkar mahnılarına, o cümlədən Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev və digər bəstəkarların əsərlərinə üstünlük verilir. Nümunəvi Hərbi Orkestr dəfələrlə ölkəmizin hüdudlarından kənarda keçirilən festivallarda iştirak edib, yüksək mükafatlara layiq görülüb.

Orkestrin bədii rəhbəri və dirijoru Əməkdar artist, polkovnik-leytenant Səməd Vəkilovdur.

Konsert görkəmli bəstəkar Firəngiz Əlizadənin “Zəfər Marşı” əsəri ilə başlayıb. Solistlər Əməkdar artist Tural Ağasiyev, Fatimə Cəfərzadə və Fəxri Kazım-Nicatın ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsert proqramı başa çatdıqdan sonra festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, Dünya Sülh artisti, professor Firəngiz Əlizadə və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalının keçirilməsində əməyi olan bütün qurumlara minnətdarlığını bildiriblər.

Orkestrin bədii rəhbəri və dirijoru Səməd Vəkilova, həmçinin festivalın keçirilməsinə göstərdikləri dəstəyə görə əlaqədar qurumların rəhbərlərinə festivalın simvolu təqdim edilib.

“İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə