Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalının üçüncü günü, yəni iyulun 6-da tamaşaçılara Çin Xalq Respublikasının Şimal-Qərb Pedaqoji Universitetinin yetirmələrinin konserti təqdim olunub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının rəsmiləri, qonaqlar və musiqisevərlər iştirak ediblər.
Konsertin əvvəlində diqqətə çatdırılıb ki, indiyədək təşkil olunmuş Şəki “İpək Yolu” Beynəlxalq Musiqi festivallarında Çindən gələn musiqiçilər də iştirak ediblər. Builki festivalda Qansu Əyalət Ədəbiyyat Federasiyasını 12 nəfər təmsil edir. Kollektivin tərkibinə Şimal-Qərb Pedaqoji Universitetinin musiqi məktəbinin sənətçiləri - dosentlər Ma Yuhui və Liu Hui, gənc müəllimlər Kan Penq, Tian Çao, Alamus, Vang Jianfeng, Song Yujia, Yang Huiqiao, Quo Jingyi daxildirlər.
Daha sonra rəngarəng konsert proqramı ilə çıxış edən kollektiv ecazkar musiqi nömrələrini təqdim edib.
Sonda təşkilatçılar adından kollektivə festivalın rəmzi simvolu təqdim olunub.
Qeyd edək ki, bu axşam “Marxal” kompleksinin Yay Teatrında Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə