04-06 iyul tarixlərində Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalı keçirilib. SİA xəbər verir ki, üç gün davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər Türkiyə və Çin Xalq Respublikasının, eləcə də Azərbaycanın tanınmış musiqi kollektivlərinin, istedadlı musiqiçilərin çıxışlarını izləyiblər.
Festivalın üçüncü günü, iyulun 6-da tamaşaçılara Çin Xalq Respublikasının Şimal-Qərb Pedaqoji Universitetinin yetirmələrinin konserti təqdim olunub.
Şəki şəhər Heydər Əliyev Mərkəzində çıxış edən kollektiv tamaşaçılara ecazkar musiqi nömrələri təqdim edib.
Həmin gün axşam “Marxal” kompleksinin Yay Teatrında festivalın təntənəli bağlanış mərasimi olub. Tədbirdə festivalın təşkilatçı qurumlarının, Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəliyinin rəsmiləri, şəhid ailələrinin üzvləri, şəhərin qonaqları, musiqisevərlər iştirak ediblər.
Mərasimdə Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib. Konsert Vətən müharibəsindəki şanlı Zəfərimizin 5 illiyinə həsr edilib.
Konsert görkəmli bəstəkar Firəngiz Əlizadənin “Zəfər Marşı” əsəri ilə başlayıb. Solistlər Əməkdar artist Tural Ağasiyev, Fatimə Cəfərzadə və Fəxri Kazım-Nicatın ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsert proqramı başa çatdıqdan sonra festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, Dünya Sülh artisti, professor Firəngiz Əlizadə və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalının keçirilməsində əməyi olan bütün qurumlara minnətdarlığını bildiriblər.
Orkestrin bədii rəhbəri və dirijoru Səməd Vəkilova, həmçinin festivalın keçirilməsinə göstərdikləri dəstəyə görə əlaqədar qurumların rəhbərlərinə festivalın simvolu təqdim edilib.
“İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə