İyulun 8-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, iclasın gündəliyi təsdiqləndikdən sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrdə komitə sədrləri Zahid Oruc, Fazil Mustafa, Musa Quliyev, Arzu Nağıyev, deputatlar Kamran Bayramov, Tahir Mirkişili, Soltan Məmmədov, Tural Gəncəliyev, Vüqar Bayramov, Asif Əsgərov çıxış ediblər.
Deputatlar iyulun 4-də Xankəndi şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.
Sonra parlamentin sədri Sahibə Qafarova iclasda 15 məsələnin müzakirə ediləcəyini və gündəliyin ilk 10 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib.
Birinci məsələ - “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib. O, sənədin həm Naxçıvan Ali Məclisində, həm də Milli Məclisdə geniş müzakirə olunduğunu, deputatlar tərəfindən dəstəkləndiyini deyib və səsə qoyulmasını xahiş edib.
Konstitusiya qanununun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra o, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanunu layihəsi barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, dəyişikliyin edilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına ediləcək dəyişikliklərdən sonra "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 2.10-cu maddəsində yarana biləcək uyğunsuzluğun aradan qaldırılmasıdır.
Konstitusiya qanununun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Parlamentin sədri növbəti 2 məsələnin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Qaz təchizatı haqqında" və "Elektroenergetika haqqında" Qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ilə bağlı məlumat verib.
Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda, Əli Hüseynli “Polis haqqında” Qanunda, Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində, Mülki Məcəllədə, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunlarda, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini təqdim ediblər.
Qanun layihələri müzakirələrdən sonra üçüncü oxunuşda qəbul olunub.
S.Qafarova gündəliyin son 5 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.
Mülki Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, “Media haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsini İnsan hüquqları komitəsinin sədri Zahid Oruc təqdim edib. O, layihənin birinci oxunuşda müzakirəsi zamanı səslənən fikirlərə münasibət bildirib, bəzi məsələlərə aydınlıq gətirib. Layihədə "Media subyekti" anlayışı Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərini də əhatə etməsi məqsədilə genişləndirilib.
Növbəti iki məsələ Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındır.
Komitə sədri Əli Hüseynli "Xüsusi icra məmurları haqqında" Azərbaycan Respublikasının qanun layihəsini təqdim edib. O, diqqətə çatdırıb ki, xüsusi icra məmuru institutunun yaradılması məsələsi ölkə Prezidentinin müvafiq Fərmanında öz əksini tapıb.
Növbəti məsələ olan Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Rəqabət Məcəlləsində, "Sosial sığorta haqqında", "Polis haqqında", "Tibbi sığorta haqqında", "Notariat haqqında", "İcra məmurları haqqında", "İcra haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "İnzibati icraat haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Nağdsız hesablaşmalar haqqında" və "Siyasi partiyalar haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) hazırda Milli Məclisin müzakirəsinə təqdim edilmiş "Xüsusi icra məmurları haqqında" qanun layihəsinə uyğunlaşdırma məqsədilə hazırlanıb.
Hər iki qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
İclasda Əli Hüseynli, həmçinin Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Mənzil Məcəlləsində, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Notariat haqqında", "İcra haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "İpoteka haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini əqdim edib.
O, layihənin məhkəmə qərarlarının icrasının bir elementi olan hərracın aparılma prosesi ilə bağlı olduğunu bildirib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq və Aqrar siyasət komitələrinin müsbət rəyləri bildiriləndən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra Əli Hüseynli "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsinə dair məlumatı diqqətə çatdırıb çatdırıb.
Sənəddə şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibinin yenilənməsi təklif olunur. Belə ki, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə edilir.
Sənədlə bağlı müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Bununla da Milli Məclisin plenar iclası başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə