Daşkənddə Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü qeyd olunub

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi və tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənddə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib. Səfirlikdən SİA-ya bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində qurulmuş fotostendlə tanış olublar. Burada Azərbaycanın dövlət suverenliyi və müstəqillik yolunda keçdiyi tarixi mərhələləri əks etdirən şəkillər nümayiş etdirilib. Fotolarda müstəqillik uğrunda aparılan mübarizə, xalqımızın azadlıq iradəsini ifadə edən anlar, eləcə də dövlətçiliyimizin formalaşmasında mühüm əhəmiyyət daşıyan məqamlar öz əksini tapıb. Sərgi iştirakçılarda böyük maraq yaradaraq Azərbaycanın müstəqillik yolunu vizual şəkildə izləməyə imkan verib.

Daha sonra “Suverenlik konstitusion dəyərdir!” mövzusunda tədbir işinə başlayıb. Tədbiri Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov aparıb.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Dövlət Suverenliyi Gününün Azərbaycan xalqının milli iradəsinin, azadlıq və istiqlal arzularının parlaq təcəssümü olduğunu bildirib. Səfir vurğulayıb ki, Azərbaycan xalqı müstəqillik uğrunda ağır sınaqlardan keçərək azad yaşamaq əzmini ortaya qoymuş, bu dəyərləri qorumaq üçün böyük fədakarlıqlar edib. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dövlət suverenliyi qorunub saxlanılıb, müstəqilliyin möhkəmlənməsi və inkişafı təmin olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan güclü dövlətə çevrilib, beynəlxalq aləmdə söz sahibinə dönüb.

Ardınca çıxış edən Beynəlxalq Mədəniyyət və Ədəbiyyat Akademiyasının prezidenti Abdulla Vəhş, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin professoru Bojixon Toxliyev və Özbəkistan Yazıçılar Birliyinin üzvü, şair-publisist Gülbahar Səidqəniyeva Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin tarixi əhəmiyyətindən söz açaraq, bu dəyərlərin ədəbiyyatda, elmi müstəvidə və ictimai həyatda öz əksini tapdığını vurğulayıblar. Onlar həmçinin bildiriblər ki, Özbəkistan müstəqilliyin ilk illərindən etibarən daim Azərbaycanın yanında olub, ölkəmizin haqq işini dəstəkləyib və bu gün də iki xalqı birləşdirən ortaq dəyərlər dövlətçilik ənənələrinin möhkəmlənməsinə mühüm töhfə verir.

Daha sonra Diplomatiya və İqtisadiyyat Akademiyasının müəllimi, Azərbaycan-Özbəkistan münasibətləri üzrə mütəxəssis Ranoxan Abdullayeva və Özbəkistan Respublikası Milli Məclis Gənclər Parlamentinin sədri Otabek Sabitov çıxış ediblər. Onlar Azərbaycanın müstəqillik yolunda əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib, ölkələrimiz arasında siyasi, mədəni və ictimai əlaqələrin daha da inkişafının strateji əhəmiyyət daşıdığını xüsusi vurğulayıblar.

Tədbir Azərbaycan ilə Özbəkistan arasında dostluq və mədəni əməkdaşlığın güclənməsinə xidmət edən mədəni-siyasi hadisə kimi qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə