Neftçilər Günü münasibətilə konsert proqramı təqdim olunub

SOCAR-ın təşkilatçılığı ilə 20 Sentyabr - Neftçilər Günü münasibətilə Əli Əmirov adına Mədəniyyət Sarayında “Simurq” muğam qrupunun konsert proqramı keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib. Tədbirdə SOCAR-ın, Qaradağ Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının rəsmiləri, “Azneft” İstehsalat Birliyinin "28 May", "Bibiheybətneft", “Abşeronneft”, "Neft Daşları", “Siyəzənneft”, “Ə.C.Əmirov” adına, “N.Nərimanov” adına NQÇİ-lərinin neftçiləri, həmçinin Birliyin idarələrinin əməkdaşları və Qaradağ rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra SOCAR-ın “Azneft” Istehsalat Birliyinin baş direktorunun müavini – baş geoloq Maarif Allahverdiyevin və YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyevin çıxışları dinlənilib. Çıxışlarda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə imzalanan “Əsrin müqaviləsi”nin Azərbaycanın hərtərəfli inkişafındakı rolundan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə enerji sektorunun inkişafı istiqamətində görülən işlərdən bəhs olunub. Bu xüsusda, ölkəmizin enerji sektorunun inkişafında əzmlə çalışan neftçilərin fədakar əməyinin daim yüksək qiymətləndirildiyi qeyd edilib.

Daha sonra tədbir iştirakçıları “Simurq” muğam qrupunun konsert proqramını izləyiblər. Azərbaycan Dövlət Televiziyasının və Azərbaycan Muğam Mərkəzinin solisti, Muğam Televiziya Müsabiqəsinin qalibi, xanəndə Mirələm Mirələmovun ifasında milli musiqi irsimizin nümunələri, muğamlarımız, xalq mahnıları təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə