“Azərbaycan təhsilində ən ciddi problemlərdən biri dərsliklərin dili, məzmunu və metodoloji yanaşması ilə bağlıdır. Sorğumuzda iştirak edən müəllimlər, valideynlər və şagirdlər haqlı olaraq bildirirlər ki, dərsliklər çox vaxt çətin dildə yazılır, şagirdlərin yaş səviyyəsinə uyğunlaşdırılmır və bəzən faktoloji səhvlərlə müşayiət olunur. Bu vəziyyət “Ümumi təhsil haqqında” Qanunun 14-cü maddəsində qeyd olunan “təhsil məzmunu şagirdlərin idrak imkanlarına və yaş xüsusiyyətlərinə uyğunlaşdırılmalıdır” prinsipinə ziddir. Halbuki dərsliklərin əsas missiyası uşağa bilik ötürməklə yanaşı, düşüncə tərzi formalaşdırmaq, maraq yaratmaq və öyrənməni stimullaşdırmaqdır”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.
O bildirib ki, VI sinif “Azərbaycan tarixi” dərsliyində Qafqaz Albaniyası haqqında mətnlər olduqca quru faktların sadalanması üzərində qurulub: “e.ə. IV əsrdə Atropatena dövləti mövcud idi, paytaxtı Qazaka idi, e.ə. II əsrdə Roma yürüşləri başladı”. Burada şagird üçün nə müzakirə sualı, nə də səbəb-nəticə əlaqəsi verilir. Halbuki həmin mövzu “Qafqaz Albaniyasının yaranması xalqımızın etnogenezində hansı rolu oynayıb?” kimi açıq suallarla zənginləşdirilsəydi, uşaqlar təkcə tarixi faktı əzbərləmək yox, həm də düşünməyə vadar edilərdi.
VIII sinif “Ümumi tarix” kitabında Sənaye inqilabı mövzusu sadəcə xronoloji hadisələrlə təqdim olunur: “XVIII əsrin sonlarında İngiltərədə maşınlar ixtira edildi, XIX əsrdə fabriklər yarandı”. Burada nə iqtisadi-sosial təsirlər izah edilir, nə də şagirdlərə sual ünvanlanır ki, “Sənaye inqilabı insanların gündəlik həyatına nə dəyişiklik gətirdi?”. Müqayisə üçün Estoniyanın dərsliklərinə baxaq: orada Sənaye inqilabı mövzusu “bir uşaq fabrikinə getdiyi gündə nələr görərdi?” tipli interaktiv hekayə ilə izah edilir. Bu yanaşma oxuyub-anlama bacarığını artırır, həm də şagirdlərdə empatiya yaradır.
Faktoloji səhvlərə də rast gəlinir. IX sinif “Azərbaycan tarixi” dərsliyində Səfəvilər dövləti ilə bağlı məlumatda Çaldıran döyüşünün nəticəsi haqqında cümlə belə verilib: “Azərbaycan torpaqları Osmanlıların əlində qaldı”. Əslində isə tarixçilər sübut edirlər ki, bu döyüş müvəqqəti itkilərlə nəticələnsə də, Səfəvi dövləti mövcudluğunu qoruyub saxladı. Belə təhriflər şagirdlərdə yanlış təsəvvür formalaşdırır.
Statistika göstərir ki, Azərbaycanda orta məktəblərdə 1,5 milyondan çox şagird təhsil alır və onların tədris resurslarının 90 faizi məhz dərsliklərdir. 2022-ci ilin PISA nəticələrinə görə, oxuyub-anlama bacarığı üzrə Azərbaycan şagirdləri 380 bal toplayıb, halbuki OECD ölkələrinin ortalaması 487 baldır. Bu fərqin əsas səbəblərindən biri də dərsliklərin dilinin mürəkkəbliyi və metodoloji zəifliyidir.
Müsbət hal odur ki, Elm və Təhsil Nazirliyi bu problemin açıq müzakirəsini aparır. Nazir Emin Əmrullayev son çıxışında bildirib ki, “dərsliklərin dili şagirdlərin oxuyub-anlama səviyyəsinə uyğunlaşdırılmalıdır”. Bu, müasir pedaqoji yanaşmaya uyğun bir addımdır. Nazirliyin son illərdə həyata keçirdiyi islahatlar nəticəsində bəzi ibtidai sinif kitablarında sadələşdirilmiş mətnlər, şəkillər, diaqramlar və “düşün və cavabla” tipli suallar artırılıb. Məsələn, III sinif “Azərbaycan dili” dərsliyində artıq qısa hekayələrdən sonra müzakirə sualları verilir. Bu, müsbət tendensiyadır, amma bütün fənlərə şamil edilməlidir.
Lakin əsas problem dərslik yazan mütəxəssislərin kifayət qədər yetişməməsidir. Azərbaycanda ayrıca “Dərslik yazma institutu” yoxdur. Dərsliklər çox vaxt bir neçə müəllif heyətinin üzərinə buraxılır və onlar da həm pedaqoji, həm psixoloji, həm də metodoloji yanaşmaları birlikdə təmin edə bilmirlər. Halbuki inkişaf etmiş ölkələrdə dərsliklərin hazırlanması çoxpilləli bir prosesdir: müəlliflər, metodistlər, psixoloqlar, praktik müəllimlər və redaktorlar birgə çalışır, sonda isə ictimai müzakirə keçirilir. Məsələn, Türkiyədə Milli Eğitim Bakanlığının xüsusi Dərslik və Nəşriyyat İdarəsi fəaliyyət göstərir, Finlandiyada isə hər bir dərslik həm pedaqoji komissiyadan, həm də müstəqil ekspertlərdən keçmədən məktəblərə daxil edilmir.
Hesab edirəm ki, dərsliklərin çətin dil və faktoloji səhvlərlə hazırlanmasının qarşısını almaq üçün Azərbaycanda ayrıca Dərslik İnstitutu yaradılmalı, bu sahədə mütəxəssislərin hazırlanmasına diqqət artırılmalıdır. Müəlliflərin təkcə akademik bilikləri yox, həm də pedaqoji və metodoloji təcrübələri olmalıdır. Elm və Təhsil Nazirliyinin son illərdə bu sahədə atdığı addımlar – dərsliklərin ekspertiza prosesini gücləndirməsi, ictimai müzakirələrin təşkili – müsbət qiymətləndirilməlidir. Bu proses gücləndirildikcə, dərsliklərin dili sadələşəcək, məzmunu dəqiqləşəcək və Azərbaycan şagirdləri beynəlxalq standartlara uyğun resurslarla təmin olunacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə