İnsanın gücü əslində əzələdə yox, ümiddə, inamda və yaşamaq istəyində gizlənir. Gənclikdə güc daşır, amma dəyəri bilinmir. Gecələr yatmırıq, bədənimizi yükləyirik, “sonra dincələrəm” deyə-deyə özümüzü yavaş-yavaş yora-yora gedirik. Və bir gün oyandığımızda anlayırıq ki, bədən artıq əvvəlki kimi səssizcə hər şeyə dözmür.
30-dan sonra güc azalır deyirlər… Bəlkə də azalır. Amma əslində azalan güc yox, artan yüklərdir. İnsan yaş aldıqca daha çox məsuliyyət daşıyır, daha çox düşünür, daha çox susur. Bədən bu sükutu daşımağa çalışır, ona görə yorulur.
İnsanın gücü pasportdakı yaşla ölçülmür. O, təqvimdə bir gün çevrilib “bu gündən sonra zəifləmisən” demir. Güc yavaş-yavaş çəkilir, səssizcə geri addım atır. Elmi baxımdan desək, bədən gücü 25–30 yaş aralığında zirvəyə çatır, 30-dan sonra isə azalmanın ilk işarələri görünməyə başlayır. Amma insan bunu dərhal hiss etmir. Çünki gənclik insanı aldadır , sanki güc sonsuzdur, sanki bədən hər yükə dözəcək.
İlk dəyişikliklər xırda görünür: əvvəlki kimi tez sağalmırsan, bir gecə yatmamaq artıq iki gününü aparır, yorğunluq bədəndən çox fikrə hopur. İnsan bunu yaşla yox, həyatın tempi ilə əlaqələndirir. Halbuki bədən artıq xəbərdarlıq edir: “Məni əvvəlki kimi kor-koranə istifadə etmə.” Amma biz eşitmirik. Çünki güclü olmağı öyrənmişik, dincəlməyi yox.
30-dan sonra güc azalır deyirlər… Amma əslində azalmaqdan çox bölünür. Güc artıq təkcə bədənə yox, ailəyə, işə, məsuliyyətə, qayğılara paylanır. İnsan əvvəl qaçırdı, indi daşıyır. Əvvəl yorulurdu, indi isə susur. Əzələ yorğunluğu keçər, amma illərlə içində yığılan psixoloji yük bədəni də çökdürür. Ona görə də insan bəzən “zəiflədim” deyir, əslində isə ağırlaşmışdır.
40-dan sonra güc artıq hədiyyə yox, əmanət olur. Ona baxmaq lazımdır. Yuxunu, qidanı, sakitliyi, özünə ayrılan vaxtı qorumaq lazımdır. Çünki bədən daha əvvəlki kimi bağışlamır. Bir gün istirahətsiz işləmək, bir gecə stresslə yatmaq , hamısı faizlə geri qayıdır. Və insan anlayır ki, güc təkcə qaldırmaq yox, özünü qorumaq bacarığıdır.
Ən ağrılı məqam isə budur: cəmiyyət insanın yaşına yox, gücünə qiymət verir. Yorulmağa icazə yoxdur. “Döz”, “keçər”, “hamı belə yaşayır” bu cümlələr illərlə insanın belinə yüklənir. Və insan bir gün gücünün azaldığını yox, tükəndiyini hiss edir. Çünki heç kim ona vaxtında dayanmağı öyrətməyib.
Bəlkə də insanın gücü heç vaxt azalmır, sadəcə bir yerdən sonra ruh deyir: “Artıq boş yerə sərf olunmaq istəmirəm.” Güc qalır, amma daha seçici olur. Hər şeyə yox deməyi, hər kəsi daşımağı dayandırır. Və bəlkə də əsl yetkinlik, əsl güc məhz buradan başlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB