“Biz məktəb açmırıq, gələcək qururuq” - MÜSAHİBƏ

Təhsil sahəsində illərin təcrübəsinə malik olan Hədəf Şirkətlər Qrupu növbəti mühüm addımını ataraq yeni beynəlxalq layihəsini – Hədəf STARS Beynəlxalq Kembric Məktəbini (Hədəf STARS International Campusu) ictimaiyyətə təqdim edib.

SİA Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq ilə müsahibəni təqdim edir:

– Şəmil müəllim, Badamdar qəsəbəsində fəaliyyətə başlayan Hədəf STARS Beynəlxalq Kembric Məktəbi Hədəf brendi üçün nə ifadə edir?

– Açığı, bu məktəb mənim üçün sadəcə yeni bir kampus deyil. Bu, Hədəfin illər boyu çəkdiyi zəhmətin, gecə-gündüz düşünülmüş konseptual axtarışların, bəzən riskli, amma prinsipial qərarların məntiqi nəticəsidir. Biz illərdir deyirik ki, təhsil bina ilə ölçülmür. Hədəf STARS Beynəlxalq Kembric Məktəbi bu düşüncənin beynəlxalq müstəvidə təzahürüdür. Burada biz “dünya təhsili” anlayışını milli dəyərlərlə üz-üzə qoymuruq, əksinə, onları bir-birini tamamlayan anlayışlar kimi təqdim edirik.

– Bu yeni kampus hansı ehtiyacdan yarandı? Niyə məhz Cambridge International Education?

– Çünki dünya dəyişir və biz bu dəyişimi kənardan seyr edə bilmərik. Cambridge International Education 160-dan çox ölkədə tətbiq olunan, özünü sübut etmiş bir sistemdir. Amma məsələ onu olduğu kimi köçürmək deyil. Hədəfin fəlsəfəsi hər zaman belə olub: “Hazırı götürmə, yenidən düşün.” Biz Kembric proqramını yerli kontekstdə şərh etdik, uyğunlaşdırdıq və milli dəyərlərlə sintez etdik. Bu məktəb beynəlxalq diplom verəcək, amma milli kimliyi olan gənclər yetişdirəcək.

– Hədəf STARS International Campus digər beynəlxalq məktəblərdən nə ilə fərqlənir?

– Ən böyük fərq yanaşmadadır. Burada “yalnız sertifikat” mərkəzli təhsil yoxdur. Biz bilgə insan yetişdirmək istəyirik. Analitik düşünən, sual verən, tədqiqat aparan, arqumentini əsaslandıra bilən, amma eyni zamanda etik dəyərləri olan gənc. Şagird harada oxuduğunu deyil, niyə oxuduğunu anlamalıdır. Bu, Hədəfin əsas prinsipidir.

– Kampusda tətbiq olunan tədris mühiti barədə nə deyə bilərsiniz?

– Biz klassik sinif modelindən uzaqlaşmışıq. 20-dən çox laboratoriya və emalatxana, STEAM əsaslı layihələr, debat, esse, təqdimat və tədqiqat mərkəzli dərslər – bunlar sadəcə termin deyil, real praktikadır. Müəllim bilik ötürən yox, mentor rolundadır. Qiymətləndirmə isə təkcə imtahan balı ilə ölçülmür. Şagirdin inkişaf dinamikası, düşüncə tərzi və məsuliyyət hissi bizim üçün daha önəmlidir.

– Hədəf Sənət Məktəbinin bu kampusdakı rolu nədən ibarət olacaq?

– Mən hər zaman demişəm ki, sənət dərnək deyil, düşüncə formasıdır. Hədəf Sənət Məktəbi bu fəlsəfənin davamıdır. Şagirdlər burada rəqəmsal musiqi, sound design, media, podkast istehsalı, süni zəka əsaslı audio-vizual layihələr üzərində işləyəcəklər. Bu, uşağın yalnız beynini deyil, daxili dünyasını da inkişaf etdirir. Təhsil yalnız riyaziyyat və fizika deyil, yaradıcılıqdır, hissdir, estetikadır.

– Şəmil müəllim, Hədəf brendinin bu gün gəldiyi nöqtəyə baxanda nə hiss edirsiniz?

– Dürüst desəm, qürurdan çox məsuliyyət hiss edirəm. Hədəf böyük zəhmətlə, illərin əziyyəti ilə formalaşıb. Bu brend bir nəfərin yox, yüzlərlə müəllimin, minlərlə şagirdin, valideynin inamı üzərində qurulub. Bizim uğurumuz odur ki, cəmiyyət bizə inanır. Hədəf STARS Beynəlxalq Kembric Məktəbi də bu etimadın davamı olmalıdır. Məqsədimiz universitetə yox, həyata hazır gənclər yetişdirməkdir. Biliklə yanaşı xarakter qurmaq, akademik uğurla insani dəyərlər arasında tarazlıq yaratmaqdır.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə