Ucqar kəndlərdə şagird sayı getdikcə azalır və bəzi məktəblərin fəaliyyətinin davam etdirilməsi maliyyə baxımından çətinləşir. Elm və təhsil naziri Emin Əmrullayev bu məktəblərdə distant təhsilə keçid planlaşdırıldığını açıqlayıb. Amma bu model uşaqların sosiallaşmasına və təhsilin keyfiyyətinə necə təsir edəcək?
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi SİA-ya açıqlamasında bildirib ki, hazırda bölgələrdə əhalinin paytaxta və iri şəhər mərkəzlərinə miqrasiyası müşahidə olunur:
"Bu proses həmin ərazilərdə şagird sayının kəskin azalmasına səbəb olur. Nəticədə bəzi məktəblərdə siniflərdə cəmi 1–2, maksimum isə 4–5 şagirdə rast gəlinir.
Bu vəziyyət təhsil sistemi üçün ciddi problemlər yaradır. Şagird sayı az olduqda dərs saatları da azalır, dərs saatlarının azalması isə müəllimlərin vakant yerləri tutaraq həmin bölgələrə getməkdə maraqlı olmamasına gətirib çıxarır. Bu da öz növbəsində şagirdlərin təhsil keyfiyyətinə mənfi təsir göstərir və müəyyən fənlər üzrə boşluqların yaranmasına səbəb olur.
Məhz bu problemlərin aradan qaldırılması üçün müvafiq və məqsədyönlü tədbirlərin görülməsi zəruridir. Təklif edilən əsas həll yollarından biri distant (onlayn) təhsilin tətbiqidir. Onlayn təhsilə keçidin əsas məqsədi şagirdlərin təhsildən kənarda qalmamasını təmin etmək, onların müvafiq fənlər üzrə ixtisaslaşmış fənn müəllimlərindən keyfiyyətli dərs ala bilmələrinə şərait yaratmaqdır.
Çünki hazırda bəzi hallarda müşahidə olunur ki, müəyyən fənlər ixtisas müəllimi olmadığından başqa sahə üzrə müəllimlər tərəfindən tədris olunur. Məsələn, coğrafiya dərsini tarix müəllimi və ya digər ixtisas sahibi olmayan bir müəllim aparır. Bu kimi halların qarşısını almaq üçün ən optimal və səmərəli üsullardan biri dərslərin onlayn formada təşkili hesab olunur.
Qeyd etmək lazımdır ki, bu modeldə şagirdlər yenə də məktəbə gedir, məktəbdə müvafiq sinif otaqlarında əyləşərək dərslərdə iştirak edirlər. Sadəcə olaraq, dərslər distant formada, vahid mərkəzdən idarə olunur. Bu isə tədris prosesinin optimallaşdırılmasına və rasional təşkilinə imkan yaradır. Nəticədə dərslərin boş keçməsinin qarşısı alınır və şagirdlər bütün fənlər üzrə müntəzəm şəkildə tədrisə cəlb olunurlar.
Bəzi hallarda distant təhsilin sosiallaşmaya mənfi təsir göstərə biləcəyi fikri irəli sürülür. Lakin nəzərə almaq lazımdır ki, şagirdlər yenə də məktəb mühitində olurlar və az sayda olsa belə sinif yoldaşları ilə ünsiyyət saxlayırlar. Üstəlik, onlayn dərslər zamanı müxtəlif məktəblərdən olan şagirdlər bir dərsdə birləşdirilir. Bu da əvvəl 2–3 nəfərlik sinfin 7–8, bəzən isə daha çox şagirddən ibarət olmasına imkan yaradır.
Beləliklə, şagirdlər həm daha geniş sosial mühitə daxil olur, həm də yeni tanışlıqlar əldə edirlər. Bu proses onların sosial inkişafına da müsbət təsir göstərir. Eyni zamanda, distant təhsil vasitəsilə şagirdlərin bilik əldə etməsi, fənləri mənimsəməsi və tədris prosesinin effektivliyi tam şəkildə təmin oluna bilir.
Bütün bunları nəzərə alaraq demək olar ki, az şagird sayı olan bölgələrdə distant təhsilin tətbiqi məntiqi, zəruri və məqsədəuyğun bir qərardır".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB