“Rusiya mediasında aparılan aqressiv təbliğat əvvəlki gücünü itirib” - DEPUTAT DANIŞDI

“Müasir informasiya müharibəsi şəraitində Rusiya mediasında aparılan aqressiv və ideoloji yönümlü təbliğatın əvvəlki təsir gücünü itirdiyi açıq şəkildə müşahidə olunur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, Vladimir Solovyov kimi media simalarının ritorikası artıq nə beynəlxalq auditoriyada, nə də Rusiya cəmiyyətinin özündə ciddi qəbul edilmir:

“Bu tip fiqurlar getdikcə daha çox populist, emosional və reallıqdan uzaq çıxışları ilə tanınır, nəticədə ictimai rəydə etimadlarını itirirlər. Onların çıxışları informasiya istehsalından çox vaxt doldurma və təkrar xarakteri daşıyır.

Qeyd etmək lazımdır ki, məhz bu cür təbliğat mexanizmləri Rusiyanın beynəlxalq arenada getdikcə daha çox işğalçı və avtoritar dövlət imici qazanmasına ciddi təsir göstərib. Media və ideoloji aparatın uzun illər ərzində apardığı radikal, konfrontativ və qeyri-konstruktiv xətt ölkəni siyasi və mənəvi baxımdan təcridə sürükləyib. Bu təbliğat təkcə xarici auditoriyanı deyil, eyni zamanda Rusiya cəmiyyətinin özünü də parçalayaraq dərin sosial və ideoloji böhran yaradıb.

Aleksandr Duqin nümunəsi isə intellektual potensialın siyasi ideologiyaya tabe etdirilməsinin necə təhlükəli nəticələr doğura biləcəyini göstərir. Şübhəsiz ki, Duqin fəlsəfi baxımdan tanınmış və geniş intellektual irsə malik şəxsiyyətlərdən biridir. Lakin onun siyasi proseslərə həddindən artıq müdaxiləsi, reallıqdan uzaq, imperiya və ekspansionizm üzərində qurulan ideyaları cəmiyyət üçün çıxış yolu deyil, əksinə, daha dərin çıxmaz yaradıb. Bu yanaşma rasional dövlət idarəçiliyindən çox ideoloji romantizm və dogmatizm üzərində qurulub.

Ukrayna müharibəsi bu ideoloji xəttin praktiki nəticələrinin ən bariz nümunəsidir. Rusiya hazırda dərin hərbi, iqtisadi və diplomatik bataqlıq içərisindədir və bu vəziyyətdən çıxış yolları getdikcə daralır. Müharibənin uzanması həm insan itkilərini artırır, həm də ölkənin uzunmüddətli sabitliyini təhlükə altına alır. Mövcud vəziyyət göstərir ki, ideoloji təbliğatla ört-basdır edilən problemlər sonda daha ağır və fəlakətli nəticələrə gətirib çıxarır.

Bu baxımdan, Solovyov və Duqin kimi fiqurların fikirlərinə həddindən artıq diqqət yetirilməsi, xüsusilə dövlət rəhbərləri səviyyəsində onlara cavab verilməsi strateji baxımdan məqsədəuyğun görünmür. Çünki bu cür yanaşma həmin şəxslərin özlərini əhəmiyyətli aktor kimi təqdim etmələrinə şərait yaradır. Əslində isə onların fəaliyyəti real siyasi və intellektual dəyərdən çox destruktiv təbliğat xarakteri daşıyır. Bu səbəbdən, belə ritorikanı ciddiyə almaq əvəzinə, onu əhəmiyyətsiz informasiya axını kimi qiymətləndirmək daha rasional və effektiv yanaşma hesab edilə bilər”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə