"Söz verirəm ki, azarkeşlərə baxımlı oyun nümayiş etdirəcəyik"

Avrokubok oyunları bizim üçün çox vacibdir.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın “Selye” komandası ilə keçirəcəkləri görüşdən əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, rəqibin yaxşı komanda olduğunu bildirib: "Ötən mövsüm Konfrans Liqasında 1/4 finala qədər irəliləmişdilər. Bu cür matçlarda kiçik detallar həlledici rol oynayır. "Selye"nin gücünə bələdik. Ötən illə müqayisədə heyətdə müəyyən dəyişikliklər olub. Komandamdan razıyam. Bu cür davam etsək, müsbət nəticələr olacaq. Söz verirəm ki, azarkeşlər üçün baxımlı oyun sərgiləyəcəyik".

Baş məşqçi "Sabah"a gəlişi barədə də danışıb: "Bu komandanın iddialı olması məni cəlb etdi. Klub 8 ildir yaranıb və uğurları nəticələri çoxdur. Sloveniya klubu ilə oyunlarda da bunu davam etdirmək niyyətindəyik".

Litvalı çalışdırıcı komandasına hücum futbolu oynatmağı sevdiyini vurğulayıb: "İstəyirəm ki, komandam meydanda dominant tərəf olsun və daha çox qol vursun. Futbolçularıma inanıram. Biz "Selye" ilə matça hazırıq".

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 10-da Bakıda, cavab matçı isə iyulun 17-də Selye şəhərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə