...SİA-nın məlumatına görə, AFP xəbər verir ki, iyunun 1-dən bəri 450 minə yaxın Əfqanıstan vətəndaşı İran ərazisini tərk edib. Kütləvi köçə Tehranın ölkədə sənədsiz yaşayan bütün əfqanlara İranı tərk etmək əmri səbəb olub.
Beynəlxalq Miqrasiya Təşkilatının mətbuat xidmətinin məlumatına görə, iyunun 1-dən 449 218 Əfqanıstan vətəndaşı İranı tərk edib və bu rəqəm ilin əvvəlindən 906 326 nəfərə çatıb.
İslam Respublikasında ümumilikdə 6 milyona yaxın Əfqanıstan vətəndaşı yaşayır, onlardan 4 milyona yaxınının bunun üçün hüquqi əsası yoxdur.
UNICEF məlumat verib ki, Əfqanıstandan qaçqınların kütləvi şəkildə öz vətənlərinə qayıtması uzun illər İran və Pakistanda yaşayan insanların həyatının yenidən qurulması zərurəti ilə əlaqədar ölkədə xeyli çətinliklərə səbəb olur.
Onların bir çoxunun vətənlərində heç nə qalmayıb.
UNİCEF-in nümayəndəsi Tajuddin Oyevale-nin sözlərinə görə, ilin əvvəlindən bəri dünyanın hər yerindən 1,4 milyon köçkün Əfqanıstana qayıdıb.
...Məni ən çox narahat edən geri qayıdan qaçqınların təxminən 25 faizinin uşaqlar olmasıdır. Demoqrafik vəziyyət də dəyişib, vaxtilə ölkəni tərk edən subay kişilər indi ailələri ilə qayıdırlar.
BMT insanların kütləvi şəkildə geri qayıtmasının ölkədə onsuz da tüğyan edən yoxsulluğu və işsizliyi daha da pisləşdirəcəyindən narahatdırlar.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə