“Aktyor öz sənətinin əlifbasını düzgün bilməlidir” - MÜSAHİBƏ

SİA Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tanınmış aktyoru, Xalq artisti Pərviz Məmmədrzayev ilə müsahibəni təqdim edir:

Azərbaycan teatrında ən böyük çatışmazlıq nədir ?

“Bu suala qısa şəkildə cavab verə bilərəm ki, əsas problemlər yaxşı dramaturji materialın olmaması öz mənfi təsirini göstərir. Eyni zamanda yaxşı rejissorlarımız da həddindən artıq azdır. Bunlarla yanaşı aktyor təhsilinin mükəmməl olmaması ilə bağlı da problemlərimiz var”.

Bu gün teatra gələn tamaşaçı sayı sizi qane edir ?

“Elə tamaşalar var ki, insanlar az qala aylarla bilet ala bilmək üçün növbəyə durur. Adətən bilet tapmaq çətin olur. “İndi teatra gedən yoxdur” fikri çox yanlışdır. Sadəcə olaraq yaxşı tamaşa olmalıdır ki, tamaşaçanın diqqətini çəksin. Elə aktyorlar var ki, bir neçə teatrda oynayır, lakin bir teatrdakı tamaşına bilet tapmaq olmur, digərinə isə gedən yoxdur. Bu o demək deyil ki, problem aktyordadır. Problem odur ki, repertuar düzgün seçilməyib, tamaşaçıya deməyə yeni söz yoxdur. Eyni zamanda tamaşaçının diqqətini çəkə biləcək yaxşı rejissor işi olmalıdır”.

Bu gün teatrda yeni nəsil aktyorlara, gənclərə nə dərəcədə yer verilir ?

“Hazırda bir neçə teatrlarımızda gənc kadrlara çox geniş yer verilib. Ümumiyyətlə teatr barəsində gənclərlə bağlı problem olmadığını düşünürəm.
Bizim teatrlarda heç bir aktyor Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirmədən iştirak edə bilməz. Bu qayda əvvəldən belə qoyulub. Çox istedadlı aktyorlarımız olub ki, ixtisası bu olmamasına baxmayaraq işləyiblər. Lakin sonradan belə olsa mütləq şəkildə Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq fakültəsini bitiriblər. Hazırda isə bu ixtisası bitirmədən teatrda fəaliyyət göstərmək mümkün deyil”.

Yaxşı aktyor olmaq üçün nə etmək lazımdır ?

“Yaxşı aktyor olmaq üçün o qədər şey lazımdır…
İlk növbədə aktyor öz sənətinin əlifbasını düzgün bilməlidir. Aktyorluq təkcə aktyor və aktrisanın gözəlliyindən ibarət deyil. Aktyor sənətinin sirlərini öyrənmək lazımdır. Eyni zamanda zəhmət çəkmək lazımdır. Zəhmətsiz heçnə mümkün deyil”.

Azərbaycan teatrına hansı yeniliklərin gətirilməsini istərdiz ?

“Azərbaycan teatrlarında dünyada teatrlarında olan işıq sistemləri çox zəifdir. Bu cür sistemlərin qurulması isə olduqca bahadır. Eyni zamanda rejissor və aktyorlar problemləri də çoxdur.
Hazırda teatrımızda bir intibah dövrünü yaşamır.
Bunlardan əlavə aktyor üçün oynamağa material olmalıdır. Amma söhbət yaxşı aktyordan gedir. Yaxşı aktyor hətta dərin olmayan pyesi belə tamaşaçıya yaxşı çatdıra bilər. Amma elə pyes var ki, yaxşı aktyor olmasa onu ayağa qaldırmaq mümkün deyil”.

Bütün xəbərlər Facebook səhifəmizdə