Yazıçılar Birliyində kitab təqdimatı keçirilib

Bu gün Azərbaycan Yazıçılar Birliyində yazıçı puplisist Nurəddin Ədiloğlunun 65 illik yubileyi çərçivəsində nəşr olunmuş üç kitabının təqdimat mərasimi baş tutub. Tədbirdə bir çox ictimai xadimlər, yazıçılar və media qurumlarının rəhbərləri iştirak edib. SİA xəbər verir ki, tədbirin açılış nitqini edən Azərbaycan mətbuat şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Nurəddin Ədiloğlunu yubileyi münasibəti ilə təbrik edərək, onun təvazökar fəaliyyəti ilə çoxlu müvəffəqiyyət qazandığını qeyd edib: “Yazıçılar Birliyinin rəhbərliyi adından Nurəddin Ədiloğlunu təbrik edirəm. Bu gün həm də onun üç kitabının təqdimatı baş tutur. Hansı ki, bu kitablarda qəhrəmanlarımız, şəhidlərimiz, əsgərlər barədə maraqlı yazılar var. Kitablarda Azərbaycanda baş verən son proseslər, düşmənlərimizin məkrli siyasəti barədə də yazılar yer alıb. Bütün bunlar onun uğurlarının bir hissəsidir”.

Daha sonra isə SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev çıxış edərək, təqdimatı baş tutan kitabların dövrümüz üçün əhəmiyyətini vurğulayıb: “Nurəddin Ədiloğlunu tanımağım 1990-cı illərə təsadüf edir. Hələ o cür çətin dövrlərdə belə Nurəddin Ədiloğlunun mətbuatda yayımlanan cəsarətli yazılarını görmək mümkün idi. Bu gün təqdimatı baş tutan üç kitabdan biri şəhidlərimizə həsr olunub. Bu, məni olduqca sevindirdi. Çünki düşünürəm ki, hazırda şəhidlərimizlə bağlı yazılar, əsərlər, filmlər azlıq təşkil edir. Biz xalq olaraq onlar barədə bir çox şey bilirik. Lakin onların qəhrəmanlığını bütün dünyanın dilinə dastan etməliyik. Bu baxımdan da, Nurəddin Ədiloğlunun kitabları xüsusi olaraq fərqlənir. Xüsusilə də, bu gün təqdimatı baş tutan kitablara nəzər salsaq, onların İkinci Qarabağ müharibəsindəki qələbəmizdən keçən qısa zaman kəsiyində qələmə alması olduqca uğurlu addımdır”.

Çıxış edən yazıçı və ictimai xadimlər Nurəddin Ədiloğlu ilə bağlı xatirələrini və kitablarla bağlı təəssüratlarını bölüşüblər. Eyni zamanda, onu 65 illik yubileyi münasibəti ilə təbrik edərək, gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıblar.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə