“COP29-un siyasi və geosiyasi dəyəri ölkəmiz üçün çox mühümdür” - MÜNASİBƏT BİLDİRİLDİ
“COP29 nüfuzuna görə çox mühüm tədbirdir. BMT Baş Assamblyesından sonra imicinə görə ikinci önəmli tədbir hesab olunur və konfransın mövzusu olan qlobal iqlim dəyişiklikləri bu gün hər kəsi narahat edən məsələdir. Azərbaycanda da bu il İqlim Dəyişiklikləri üzrə Tərəflər Konfransının keçirilməsi ölkəmizə olan etimadın göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, COP29-la bağlı bu günə qədər bir çox təşkilati işlər həyata keçirilib: “Belə ki, dövlət və hökumət başçıları, ekologiya sahəsində fəaliyyət göstərən tanınmış şəxslər, ekspertlər ölkəmizə dəvət olunublar. Digər tərəfdən COP29 ərəfəsində turistlərin də ölkəmizə gəlişi gözlənilir. Bu isə birbaşa olaraq ölkəmizdə turizm potensialının inkişafına təkan verəcək. Şübhəsiz ki, COP29-un siyasi və geosiyasi dəyəri də ölkəmiz üçün çox mühümdür.
Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasında COP29-un müstəsna xidmətləri olacaq, ölkəmiz bu tədbirin keçirilməsinə böyük həssaslıqla yanaşır.
COP29-la bağlı həyata keçirilən ümumi təşkilati işlər dövlət başçısı İlham Əliyevin nəzarəti altındadır. COP29 çərçivəsində imzalanan sənədlər, aparılan müzakirələr, müxtəlif çağırışlar, həm də beynəlxalq sülhün, təhlükəsizliyin qorunmasına da töhfə verəcək. Məhz bu xüsusda qeyd etmək lazımdır ki, dünyada müharibələrin dayandırılması, ən azından tədbir çərçivəsində sülhün elan olunması haqqında çağırışı da böyük dövlətlər qoşulmalıdır. İlk növbədə isə BMT bu missiyanı üzərinə götürməlidir. Bu gün BMT-nin özündə də islahatların aparılmasına böyük ehtiyac var, BMT TŞ öz funksiyalarını yerinə yetirmək gücünə sahib deyil.
Qlobal təhlükəsizlik sisteminin qurulması, həm də iqlim dəyişmələri sayəsində yeniliklərin olması, Bakı sənədlərinin imzalanması əsas hədəflərdir. Biz bu hədəflərə çataraq beynəlxalq miqyasda sülhün və təhlükəsizliyin, həmrəyliyin gücləndirilməsinə töhfə verəcəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə