Moldovanın xəbər portalı Pre-COP29 konfransına geniş yer ayırıb

Moldovanın “Noi.md” xəbər portalında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə məqalə dərc edilib. SİA xəbər verir ki, rumın və rus dillərində dərc edilən yazı "Ambisiyanı artırmaq və iqlim fəaliyyətinə təkan vermək" mövzusunda Pre-COP29 konfransına həsr olunub. Məqalədə COP29-un Prezidenti Muxtar Babayev, COP28-in Prezidenti Sultan Əl Cəbir, BMT Baş katibinin birinci müavini Amina Mohammed və Köməkçi icra orqanının (SBI) sədri Nabil Munir və digərlərinin konfransdakı çıxışlarına yer verilib.

Yazıda, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Pre-COP29-un ilkin iclasının iştirakçılarına müraciətindəki fikirlərə geniş yer verilib. Azərbaycan Prezidentinin fikirlərinə istinadla qeyd olunub ki, iqlim dəyişikliyi bütün qitələrdəki ölkələrə təsir edir. Bununla belə, inkişaf etməkdə olan kiçik ada dövlətləri ən həssasdır. Dəyişikliklər qlobal iqtisadi rifaha mənfi təsir göstərir və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq yolunda irəliləyişə maneədir. Azərbaycan da istisna deyil. Hər il onun çaylarında suyun səviyyəsinin azalması, Xəzər dənizinin dayazlaşması müşahidə olunur. Azərbaycan da su qıtlığı problemi ilə üzləşir, lakin Azərbaycan bu çətinliklərin öhdəsindən gəlmək üçün cəsarətli addımlar atır.

Məqalədə, həmçinin konfransda müzakirə olunan məsələlər haqqında ətraflı məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə