Hərfi mənada "Diaspor" qədim yunan sözü olub, "səpələnmə", "dağılma" mənasını verir. Bu sözün yaranma tarixi yunanların eramızdan xeyli əvvəl başladıqları işğal və köçürülmə dövrünə təsadüf edir. Müxtəlif ölkələrə hərbi yürüşlər zamanı yunan ordusu əsgərlərinin bir hissəsi işğal edilmiş ərazilərdə məskunlaşmış və buranın daimi sakinlərinə çevrilmişdilər. "Diaspor" sözü də məhz onların dilindən yaranmışdı. Bu gün "Azərbaycan diasporu" dedikdə xarici ölkələrdə məskunlaşmış azərbaycanlılar nəzərdə tutulur. "Xaricdə yaşayan azərbaycanlılar" anlayışının təfsiri "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Bu qanuna əsasən, "xaricdə yaşayan azərbaycanlılar" anlayışı Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına və onların övladlarına, əvvəllər Azərbaycan SSR-nin və ya Azərbaycan Respublikasının vətəndaşları olmuş və hazırda Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslərə və onların övladlarına, bu kateqoriyaya aid olmayan, lakin etnik, dil, mədəniyyət və ya tarixi əlaqələr baxımından özünü Azərbaycana bağlı və ya azərbaycanlı hesab edən şəxslərə aid edilir. Azərbaycan xalqı artıq 21 ildir ki, 31 dekabr tarixini sadəcə köhnə ilin son günü kimi qeyd etmir. Bu gün həm də xalqımız üçün olduqca dəyərli bir tarixi özündə yaşadır. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi ən yeni tariximizə qızıl hərflərlə yazılıb. Diaspora hərəkatının yaranması, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis olunması ideyası böyük öndər Heydər Əliyevə məxsusdur. Məlumdur ki, 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-nin tikanlı məftilləri söküldü və Arazın hər iki tayında yaşayan azərbaycanlılar arasında ünsiyyət yaranmağa başlandı. 1991-ci ilin dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlıları arasında birliyin daha da möhkəmləndirilməsinin əhəmiyyətini nəzərə alaraq Ali Məclisdə dekabrın 31-nin "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" elan edilməsi təşəbbüsü ilə çıxış etdi. Təklif yekdilliklə qəbul edildi və Azərbaycan Ali Sovetinə də eyni addımın atılması tövsiyə olundu. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hər il bayram kimi qeyd edilməyə başlandı, bu gün

Azərbaycan xalqının birlik şüurunun və Azərbaycançılıq məfkurəsinin simvoluna çevrildi. Müstəqil Azərbaycan dövlətçiliyinin memarı, böyük siyasi və ictimai xadim, Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın istənilən nöqtəsində yaşayan soydaşlarımızın bütünləşdiyi, vahid bir mərkəzdə cəmləşdiyi məqam kimi xarakterizə olunur. Ümummilli liderimiz Heydər Əliyev dünya azərbaycanlılarına müraciətində deyirdi: "Biz istərdik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşları kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Çünki bizi birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir... Vətənini, millətini sevən hər bir azərbaycanlı müstəqilliyimizin dönməzliyi üçün ciddi səy göstərməli, Vətənimizin, respublikamızın taleyi hər bir soydaşımızın taleyi olmalıdır!"

Tarx elmləri doktoru, professor Əli Həsənovun fundamental əsəri olan "Azərbaycanın geosiyasəti" kitabında yazılır - ""Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!". Bu ifadələr ümummilli liderimizin milli-mənəvi dünyasını, vətəndaşlıq mövqeyini göstərən, öz milli köklərinə bağlılığını sübut edən və həm də böyük milli səfərbəredici gücü olan tarixi bir bəyanat idi. Müasir Azərbaycanın mürəkkəb və taleyüklü tarixi dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini üzərinə götürmüş Heydər Əliyevin yaratdığı müstəqil dövlət və onun milli inkişaf strategiyası ölkəmizin bugünkü varlığının və gələcək geosiyasi inkişafının əsasını təşkil edir. Hər bir dövlətin daxili və xarici vəziyyətini, milli maraq dairələrini və onların təminatını, beynəlxalq aləm və region ölkələri ilə münasibətlərinin taktikasını, vəzifələrini, yollarını, vasitələrini və ehtiyatlarını, onu əhatə edən geosiyasi subyektlərin hərəkətlərini və buna müvafiq olaraq geosiyasi davranışını müəyyən edən Milli İnkişaf Strategiyası olur. Bu strategiya ölkənin həyata keçirdiyi praktiki daxili və xarici siyasətin, ölkədaxili ictimai-siyasi, milli-etnik, sosial-dini sabitliyin, yaxın və uzaq ölkələrlə geosiyasi münasibətlərin davamlı, təhlükəsiz inkişafını təmin edən əsas vasitədir. Heydər Əliyev azərbaycançılıq ideyasını bütöv bir xalqın – bütün dünyada yaşayan azərbaycanlıların, Azərbaycanla bağlılığı olan bütün soydaşlarımızın və həmvətənlərimizin vahid milli birlik platformasına çevirdi(Ə.Həsənov.Azərbaycanın geosiyasəti.Bakı 2015.səh91)." Fəxarətlə qeyd etmək olar ki, bu gün dünya azərbaycanlıları qürur və iftixar hissi keçirirlər ki, onları müdafiə və himayə edən, hər bir azərbaycanlının inam və güvən yeri olan müstəqil Azərbaycan dövləti var. Eyni zamanda, müasir, müstəqil dövlətimizin inkişafı soydaşlarımızın birlik və həmrəyliyini təmin edən mexanizm qismində çıxış edir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli maraqlara söykənən daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə davam etdirilməsi ölkəmizi hər bir azərbaycanlının görmək istədiyi ideal məmləkətə çevirib. Nəticə etibarilə, ―Mən hər bir azərbaycanlının Prezidenti olacağam! deyən və ötən dövr ərzində həyata keçirdiyi daxili və xarici siyasət strategiyasının səmərəlilik səviyyəsinə, bunun fonunda ölkəmizin milli inkişafının real nəticələrinə, Azərbaycanın müasir beynəlxalq münasibətlər sisteminin nüfuzlu və güclü aktora çevrilməsinə, eyni zamanda, Özünün liderlik keyfiyyətlərinə görə bunu sübuta yetirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət bu gün hər bir azərbaycanlının müstəqil Azərbaycan dövlətinə bağlılığını, inam və güvənini təmin edən başlıca faktor qismində çıxış edir. Tarix göstərir ki, dövlətçiliyin inkişafında diaspor amili mühüm yerlərdən birini tutur. Bu, dövlətin beynəlxalq aləmdə nüfuzunun artması və təsir imkanları əldə etməsi ilə bağlıdır. Bundan əlavə, beynəlxalq münasibətlər sistemi diasporu özündə siyasət, mədəniyyət,

cəmiyyətlər, birliklər və s. birləşdirən institutlaşmış funksional tərkib kimi qəbul edir. Azərbaycan Respublikası da beynəlxalq aləmin tərkib hissəsi olduğuna görə, diaspor amili dövlətçiliyimizin inkişafı və Azərbaycanın dünyadakı nüfuzunun və təsir imkanlarının artması yönündə mühüm əhəmiyyətə malikdir. Bir sıra ölkələrin təcrübəsi göstərir ki, dövlətin öz xarici siyasətini uğurla həyata keçirməsi üçün diasporun rolu əhəmiyyətli dərəcədə yüksəkdir. Bir xalqın dünyada güclü diaspora malik olması beynəlxalq qurumlarda həmin dövlətin xeyrinə qərarların qəbul edilməsində, digər dövlətlərin qeyd olunan dövlətə qarşı loyal münasibətlər sərgiləməsində mühüm əhəmiyyət kəsb edir. Bir dövlət digər dövlətlərin daxilində müəyyən gücə sahib olur ki, bu da öz növbəsində, xarici siyasətdə öz köməyini göstərir. Bu baxımdan dövlətin özü də diaspora hərəkatının güclənməsi üçün vacib işlər görməyə çalışır. Bütün bu zərurətləri nəzərə alaraq, 2001-ci ilin may ayının 23- də ümummilli lider Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Sərəncam imzaladı. Belə bir qərar dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsinə xidmət edirdi. Qurultayda xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürüldü. Ümummilli lider Heydər Əliyevə məxsus bu ideya Azərbaycan diasporunun formalaşdırılması prosesini sürətləndirməyə xidmət edirdi. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan diaspora hərəkatı bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan həqiqətlərinin dünyana çatdırılmasında xaricdə yaşayan diasporamızın müstəsna rolu var. Xarici siyasətdə xüsusi faktor olan diaspora amilinə önəm verən Prezident İlham Əliyev: "Biz istəyirik ki, siz yaşadığınız ölkələrdə güclənəsiniz, daha möhkəm mövqeyə sahib olasınız. Siyasi aləmdə, biznesdə, bu ölkələrin mədəni həyatında sizin möhkəm mövqeyiniz Azərbaycanın adının daha da yüksəlməsi deməkdir. Ölkəmiz haqqında həqiqətlər daha dolğun şəkildə dünya ictimaiyyətinə çatdırılmalıdır. Əlbəttə, hər bir ölkənin səfirliyi vardır və bu səfirlik ölkənin maraqlarını təmsil edir. Amma diaspor üzvləri də Azərbaycanın elçiləridir. Sizin fəaliyyətinizdən çox şey asılıdır. Siz Azərbaycana dəstəksiniz, Azərbaycanın da hökuməti və dövləti sizə dəstəkdir" - deyərək müxtəlif görüşlərdə diaspor üzvlərini Azərbaycan naminə lobbiçilik etmək və Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dünya ictimaiətinə çatdırmaq üçün səfərbər olunmalarını daima qeyd edir. Bu gün dünyanın müxtəlif ölkələrində olan Azərbaycan diasporasının əsas fəaliyyət mexanizminin mərkəzində azərbaycançılıq ideologiyasının təbliğ olunması dayanır. Xaricdəki diasporanın məqsədlərinə Azərbaycan mədəniyyətini təbliğ etmək, dilini təbliğ və tədris etmək, ölkəmizlə bağlı kütləvi - mədəni tədbirlərin keçirilməsi, ölkənin ictimai-siyasi, iqtisadi-mədəni həyatında iştirak etmək, mövcud olduğu ölkə ilə Azərbaycanın hərtərəfli əlaqələrinin inkişaf etdiriilməsinə zəmin yaratmaq, informasiya - tədqiqat işi ilə məşğul olmaq, Azərbaycan naminə lobbiçilik etmək və Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini təmin etmək daxildir. Bu bax;mdan xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasında, bir-biri ilə əlaqələrinin yaranmasında, diasporumuzun fəaliyyətinin güclənməsində və Azərbaycan həqiqətlərinin daha geniş təbliğində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Fond xarici ölkələrdəki fəaliyyətini üç əsas istiqamət üzrə qurur. Bunlar həmin ölkələrdə humanitar layihələrin həyata keçirilməsi, Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunan tədbirlərin təşkili və Azərbaycan torpaqlarının işğalı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. Heydər Əliyev Fondu onlarla ölkədə Azərbaycanın mədəniyyətini,

Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin yayılmasına xidmət edən tədbirləri həmin ölkələrdə yaşayan azərbaycanlıların da yaxından iştirakı ilə həyata keçirir. Fondun həyata keçirdiyi tədbirlərin əhəmiyyəti və miqyası Azərbaycanın dünyada təbliğində çox mühüm yer tutur. Bu baxımdan, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan ― Xocalıya ədalət! kampaniyasını xüsusi qeyd etmək lazımdır. Kampaniyanın məqsədi Ermənistanın azərbaycanlılara qarşı soyqırımı siyasətinin nəticəsi olan Xocalı faciəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası bu gün iqtisadi, siyasi, elmi əsaslar üzrə sürətlə inkişaf edir. Müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin vaxtı ilə dediyi "Azərbaycan dünyaya Günəş kimi doğacaq" ifadəsi artıq həyatda öz əksini tapmaqdadır. Eyni zamanda xaricə yaşayan hər bir soydaşımız azərbaycanlı olduğunu unutmamalıdır. Azərbaycanlılar yaşadıqları ölkələrdə elə bir imic formalaşdırmalıdırlar ki, həmin ölkədə Azərbaycan adı qürurla çəkilsin, ölkəmiz barədə müsbət rəy formalaşsın. Azərbaycanlıların yaşadıqları ölkələrin parlamentlərində, dövlət və hökumət strukturlarında təmsil olunması kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın inkişaf etdirilməsi də zəruri addımlardan hesab edilir. Hər il olduğu kimi bu il də diaspor təşkilatlarımız ümummilli lideri böyük ehtiramla yad edəcəklər. Dekabrın 31-də isə bütün dünya azərbaycanlıları 31 dekabr - Həmrəylik Gününü qeyd edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə