Türkmənistan Demokrat Partiyası ilə Yeni Azərbaycan Partiyasının əməkdaşlığı gələcəkdə də uğurla davam edəcək QURBANMAMMET ELYASOV
“Ortaq dil, mədəniyyət və milli-mənəvi dəyərlər xalqlar arasında qardaşlıq və qarşılıqlı etimad mühitinin yaranmasına şərait yaradıb. Səfir vurğulayıb ki, ölkələr arasındakı strateji tərəfdaşlıq həm də Xəzər dənizi vasitəsilə beynəlxalq bazarlara çıxış imkanları və ticarət-iqtisadi əlaqələrin inkişafı ilə möhkəmlənir”.
SİA xəbər verir ki, bu sözləri Türkmənistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qurbanmammet Elyasov “Sülh quruculuğu mexanizmləri: qlobal çağırışlar fonunda partiya diplomatiyası” mövzusunda birinci panel sessiyada çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Türkmənistan və Azərbaycan arasında əlaqələrin əsrlər boyu möhkəm tarixi təməl üzərində formalaşıb.
Qurbanmammet Elyasov bildirib ki, Türkmənistan və Azərbaycan Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat marşrutları üzərində yerləşərək qlobal logistika zəncirinin vacib halqasına çevriliblər. Onun sözlərinə görə, Xəzər dənizinin hər iki sahilində yaşayan xalqların rifahı, sülhü və təhlükəsizliyi naminə həyata keçirilən siyasi, sosial-iqtisadi və humanitar təşəbbüslər regionda sabitliyin möhkəmlənməsinə və beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verir.
Səfir qeyd edib ki, müstəqil və bitərəf Türkmənistanın sabitlik, təhlükəsizlik və qarşılıqlı etimadın gücləndirilməsinə yönəlmiş xarici siyasəti, eləcə də Azərbaycanın Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin formalaşdırılmasına xidmət edən təşəbbüsləri müasir beynəlxalq münasibətlər sistemində xüsusi əhəmiyyət daşıyır. O, son illərdə beynəlxalq ticarət, nəqliyyat və logistika sahələrində baş verən dəyişikliklər fonunda Şərqi Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizin strateji rolunun daha da artdığını diqqətə çatdırıb.
Qurbanmammet Elyasov, həmçinin, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Azərbaycan Prezidenti İlham Əliyevin Xəzərin iki sahilini birləşdirən dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində mühüm fəaliyyət həyata keçirdiklərini vurğulayıb. O, Türkmənistan Demokrat Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə və xalqlar arasında dostluq əlaqələrinin daha da inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.
“Sülh quruculuğu mexanizmləri: qlobal çağırışlar fonunda partiya diplomatiyası” mövzusunda birinci panel sessiyada çıxış
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB