“Cənubi Qafqaz strateji əhəmiyyətə malik regionlardan biridir“ SAYAVONQ BOUNYADET

“Cənubi Qafqaz strateji əhəmiyyətə malik regionlardan biridir“ SAYAVONQ BOUNYADET

” Sürətlə dəyişən və mürəkkəbləşən beynəlxalq şəraitdə çoxqütblü dünyanın formalaşması qlobal inkişafın əsas meyillərindən birinə çevrilib. Onun sözlərinə görə, bu proses beynəlxalq birliyin arzu və istəklərini əks etdirməklə yanaşı, dünya ölkələrini müxtəlif çağırışlar və yeni imkanlarla da üz-üzə qoyur”.

SİA xəbər verir ki, bu sözləri Laos Xalq İnqilab Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komitəsinin Tədqiqat və çoxtərəfli əlaqələr departamentinin baş direktoru Sayavonq Bounyadet çıxışında bildirib.

Sayavonq Bounyadet qeyd edib ki, Cənubi Qafqaz strateji əhəmiyyətə malik regionlardan biridir və Avropa ilə Asiya arasında mühüm körpü rolunu oynayır. O vurğulayıb ki, regionda sülhün və sabitliyin qorunması təkcə Cənubi Qafqaz ölkələri üçün deyil, bütövlükdə qlobal təhlükəsizliyin təmin olunması baxımından da mühüm əhəmiyyət daşıyır.

Laos nümayəndəsi gərginliyin azaldılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəklədiklərini bildirib. O qeyd edib ki, regional məsləhətləşmə mexanizmlərinin yaradılması, mədəni və sosial mübadilələrin təşviqi, nəqliyyat və kommunikasiya şəbəkələrinin inkişafı, eləcə də partiyalar və xalqlar arasında diplomatik əlaqələrin gücləndirilməsi sülh prosesinin irəliləməsində mühüm rol oynaya bilər.

Konfransın əhəmiyyətini yüksək qiymətləndirən Sayavonq Bounyadet bildirib ki, Laos Xalq İnqilab Partiyası sülh, ədalət və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. O, bu istiqamətdə Yeni Azərbaycan Partiyası və dünyanın müxtəlif regionlarından olan dost siyasi partiyalarla əməkdaşlıq və koordinasiyanın daha da gücləndirilməsinə hazır olduqlarını diqqətə çatdırıb.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə