Şuşada “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB
İyunun 15-də – Milli Qurtuluş Günündə Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Şuşa şəhərində “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans keçirilib.
SİA xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də dost ölkələrin müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəmanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciəti səsləndirib.
“Sülh quruculuğu mexanizmləri: qlobal çağırışlar fonunda partiya diplomatiyası” mövzusunda keçirilən birinci panel sessiyada moderator qismində çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov konfrans iştirakçılarını Azərbaycanın tarixi-mədəni irsinin mühüm mərkəzlərindən olan və şanlı Zəfərin rəmzinə çevrilmiş Şuşa şəhərində salamlayıb. O, dəvəti qəbul edərək tədbirdə iştirak edən qonaqlara təşəkkürünü ifadə edib.
Konfrans çərçivəsində regional təhlükəsizlik, sülh quruculuğu prosesləri, partiyalararası əməkdaşlıq və diplomatiyanın qlobal çağırışlara cavab verməkdə rolu ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdə müxtəlif ölkələrdən siyasi partiya nümayəndələri, ekspertlər və ictimai xadimlər iştirak ediblər.
Regional layihələr və transsərhəd əməkdaşlıq: dayanıqlı sülhün iqtisadi əsasları” mövzusunda ikinci panel sessiyada moderator, Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım qeyd edib ki, dünya tarixən bir çox böhranlarla üzləşmişdir: “Bu gün yaşadığımız problemlər yalnız müəyyən bölgələri deyil, bütün bəşəriyyəti əhatə edən qlobal səviyyəyə çatmışdır. Müharibələr, terrorizm, nizamsız miqrasiya, iqtisadi dalğalanmalar, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, kiber hücumlar, dezinformasiya və süni intellekt çağının özü ilə gətirdiyi yeni risklər beynəlxalq sistemi hər ötən gün daha mürəkkəb hala gətirməkdədir. Bu səbəbdən sülhün qorunması və sabitliyin gücləndirilməsi artıq yalnız dövlətlərin apardığı klassik diplomatiya fəaliyyətləri ilə mümkün deyildir. Parlamentlərin, siyasi partiyaların, akademik dairələrin, media qurumlarının və vətəndaş cəmiyyətlərinin də bu proseslərdə fəal rol oynaması zəruridir. Məhz bu mərhələdə partiya diplomatiyası ölkələr arasında etimadın yaradılmasında, dialoq kanallarının əlaqələndirilməsində və ortaq həllərin işlənib hazırlanmasında strateji bir vasitə kimi öndə dayanır”.
Postmünaqişə dövründə yenidənqurma: şəhərsalma sahəsində müasir çağırışlar”mövzusunda üçüncü panel sessiyada moderator, Belarusun “Belaya Rus” Partiyasının sədri Olqa Çemodanova çıxış edərək vurğulayıb ki, Milli Qurtuluş Günündən başlanan uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmiş, dost dövlətlərlə əməkdaşlığını ardıcıl şəkildə genişləndirmişdir. Onun sözlərinə görə, sabitlik və inkişaf kursu Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə, xarici siyasətdə yeni uğurlar qazanmasına geniş imkanlar yaradıb. Azərbaycan-Belarus əlaqələrinin dinamik inkişafı da qarşılıqlı faydalı əməkdaşlığın uğurlu nəticələrindən biri kimi dəyərləndirilir.
Partiya sədri qeyd edib ki, atom energetikası tarixində ən böyük qəzadan sonra Belarus ərazisinin təxminən dörddə biri radiasiyaya məruz qalmışdır ki, bu ərazilərdə də ölkə əhalisinin beşdə biri yaşayırdı: “479 yaşayış məntəqəsinin mövcudluğuna son qoyulmuşdur. Dövlət siyasəti insanların sağlamlığı üçün radiasiya riskinin azaldılmasına və onların həyat fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsinə yönəlmişdir. Yaşayış sahələri ilə təminat, kompensasiya ödənişləri, müavinətlər və güzəştlər verilməklə əhalinin köçürülməsi radioaktiv tullantıların basdırılması, çirklənmiş ərazilərə girişin məhdudlaşdırılması, şüalanma dozalarının maksimum azaldılması üçün genişmiqyaslı tədbirlər kompleksi çirklənmiş qida məhsullarının istehlakının məhdudlaşdırılması həyata keçirilmişdir”.
Konfrans Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Konfrans iştirakçıları Şuşa şəhərinin tarixi məkanları, aparılan tikinti və bərpa-quruculuq işləri ilə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB