Kondisioner sağlamlıq üçün nə vaxt təhlükəli olur? - HƏKİM AÇIQLADI

Kondisioner sağlamlıq üçün nə vaxt təhlükəli olur? - HƏKİM AÇIQLADI

Kondisionerin temperaturunu normada saxlamaq sağlamlıq baxımından vacibdir. Əgər otaq temperaturu çox aşağı salınmır və 24–26°C civarında saxlanılırsa, bu, adətən orqanizm üçün zərərsiz sayılır. Lakin uzun müddət çox aşağı temperaturda qalmaq müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.

Bu sözləri SİA-ya açıqlamasında terapevt- hepatoloq Sevinc Abasova deyib.

O bildirib ki, bədənin həddindən artıq soyuması immun sistemini zəiflədə, soyuqdəymə və digər infeksiyalara yol açar. Bundan əlavə, əzələ ağrıları, oynaq sərtliyi və ümumi halsızlıq da yarana bilər:

“Kondisionerdən düzgün istifadə də çox önəmlidir. Cihazın filtrlərinin və su sisteminin mütəmadi təmizlənməsi vacibdir. Çünki baxımsız kondisionerlərdə müxtəlif bakteriyalar, xüsusilə Legionella bakteriyası inkişaf edə bilər. Bu bakteriya legionellyoz pnevmoniyasına səbəb olur ki, bu da ağır gedişli ağciyər infeksiyasıdır və bəzi hallarda ciddi fəsadlara, hətta həyati təhlükəyə gətirib çıxara bilər.

Ona görə də kondisionerdən istifadə zamanı həm düzgün temperatur seçimi, həm də müntəzəm texniki baxım sağlamlıq üçün əsas şərtlərdəndir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə