“Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət” prinsipini strateji müttəfiqlik səviyyəsinə yüksəldib” ŞAMİL AYRIM
“Regional layihələr və transsərhəd əməkdaşlıq: dayanıqlı sülhün iqtisadi əsasları” mövzusunda keçirilən ikinci panel sessiyada moderator qismində çıxış edən Türkiyə Böyük Millət Məclisinin üzvü və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım müasir dövrdə qlobal təhlükəsizlik çağırışlarının daha da mürəkkəbləşdiyini bildirib. SİA xəbər verir , o qeyd edib ki, müharibələr, terrorizm, qeyri-qanuni miqrasiya, iqtisadi dalğalanmalar, enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri, kiber təhdidlər və dezinformasiya kimi amillər beynəlxalq sistemə ciddi təsir göstərir.
Şamil Ayrım vurğulayıb ki, bu şəraitdə sülhün qorunması və sabitliyin möhkəmləndirilməsi yalnız klassik diplomatiya vasitələri ilə mümkün deyil. Onun sözlərinə görə, parlamentlər, siyasi partiyalar, akademik dairələr, media qurumları və vətəndaş cəmiyyəti institutları da bu proseslərdə fəal iştirak etməlidir. O qeyd edib ki, partiya diplomatiyası dövlətlər arasında etimadın formalaşdırılması, dialoq kanallarının gücləndirilməsi və ortaq həll yollarının hazırlanması baxımından mühüm rol oynayır.
Türkiyəli deputat diqqətə çatdırıb ki, 15 iyun 2021-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında münasibətlərin inkişafında xüsusi əhəmiyyət daşıyır. O bildirib ki, sənəd eyni zamanda Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, iqtisadi inkişafın və regional əməkdaşlığın möhkəmləndirilməsi üçün strateji yol xəritəsi rolunu oynayır.
Şamil Ayrım qeyd edib ki, Orta Dəhliz, enerji marşrutları, nəqliyyat layihələri və rəqəmsal həllər sahəsində həyata keçirilən birgə təşəbbüslər regionda ticarətin genişlənməsinə, investisiyaların artmasına və xalqlar arasında əlaqələrin güclənməsinə mühüm töhfə verir.
O, həmçinin bildirib ki, Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət” prinsipini strateji müttəfiqlik səviyyəsinə yüksəldən mühüm tarixi sənəddir. Şamil Ayrım vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində tam suverenliyini təmin etməsi regionda yeni siyasi və geosiyasi reallıqlar formalaşdırıb. Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri, yeni yaşayış məntəqələrinin salınması, infrastruktur layihələrinin icrası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı postmüharibə dövrünün mühüm nəticələri kimi qiymətləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB