“Bir anlıq səhlənkarlıq dəniz istirahətini ömürlük faciəyə çevirə bilər” -KÖŞƏ

“Bir anlıq səhlənkarlıq dəniz istirahətini ömürlük faciəyə çevirə bilər” -KÖŞƏ

Yay mövsümünün gəlişi ilə insanlar istirahət etmək, isti havadan qorunmaq və asudə vaxtlarını səmərəli keçirmək üçün daha çox dəniz sahillərinə üz tuturlar. Dəniz insanların həyatında həm istirahət, həm də mənəvi rahatlıq mənbəyi kimi xüsusi yer tutur. Lakin təəssüf ki, hər il yay aylarında dənizlə bağlı sevindirici xəbərlərlə yanaşı, faciəvi hadisələrin də şahidi oluruq. Bir çox hallarda insanlar təhlükəsizlik qaydalarına əməl etmədikləri, öz imkanlarını düzgün qiymətləndirmədikləri və ya nəzarətsiz şəkildə suya daxil olduqları üçün həyatlarını itirirlər. Bu acı hadisələr bir daha göstərir ki, dəniz gözəl olduğu qədər də təhlükəli ola bilər.

Boğulma halları təkcə statistik rəqəm deyil, hər birinin arxasında yarımçıq qalan ömürlər, dağılan arzular və övlad, valideyn, qardaş, bacı itkisi yaşayan ailələr dayanır. Bir neçə dəqiqə əvvəl yaxınları ilə birlikdə gülən, istirahət edən insanın qəfil həyatını itirməsi həm ailə üzvləri, həm də cəmiyyət üçün böyük faciədir. Xüsusilə azyaşlı uşaqların nəzarətsiz qalması nəticəsində baş verən hadisələr daha ağır emosional təsir yaradır. Bu zaman bir sual hər kəsi düşündürür: görəsən, bir qədər diqqət və məsuliyyət göstərilsəydi, bu faciələrin qarşısını almaq mümkün olmazdımı?

Mütəxəssislər dəfələrlə bildirirlər ki, boğulma hadisələrinin əksəriyyəti qadağan olunmuş ərazilərdə çimmək, sərxoş vəziyyətdə suya girmək, hava şəraitini və dənizdəki axınları nəzərə almamaq, eləcə də təhlükəsizlik qaydalarına laqeyd yanaşmaq səbəbindən baş verir. Təhlükə işarələrinin olduğu ərazilərə daxil olmaq, xilasedicilərin xəbərdarlıqlarına məhəl qoymamaq və uşaqları nəzarətsiz buraxmaq faciə riskini daha da artırır. Dəniz hər kəs üçün eyni deyil; yaxşı üzgüçü hesab edilən insanlar belə gözlənilməz dalğaların və ya güclü axınların qurbanına çevrilə bilirlər.

Bu səbəbdən yay mövsümündə dənizdə təhlükəsizlik məsələsi hər bir vətəndaşın şəxsi məsuliyyəti kimi qəbul edilməlidir. Valideynlər övladlarına daha diqqətli yanaşmalı, vətəndaşlar yalnız icazə verilən çimərliklərdən istifadə etməli, aidiyyəti qurumlar isə maarifləndirmə tədbirlərini daha da gücləndirməlidirlər. Unutmamalıyıq ki, bir insanın həyatı hər şeydən qiymətlidir. Dənizdən zövq almaq gözəldir, amma həyatımızı riskə atacaq davranışlardan uzaq durmaq daha vacibdir. Gəlin elə davranıb, elə qərarlar verək ki, yay mövsümü ailələrə sevinc, xoş xatirələr və sağlam günlər bəxş etsin, kədər və faciə xəbərləri deyil.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə