"Media üzərinə düşən vəzifəni layiqli şəkildə həyata keçirməlidir" MÖVQE

“Müxtəlif sosial şəbəkə profillərində yanvarın 17-də və 18-də Azərbaycandakı hava durumu ilə bağlı cəmiyyəti çaşdıracaq fikirlər yayımlanmaqdadır. Bildirilir ki, bu tarixlərdə təhsil müəssisələrində dərslərin dayandırılmasının səbəbi hava durumu deyil, təhlükəli xəstəlikdir. Təəssüf ki, bu fikirlər bəzi kütləvi informasiya vasitələrində də yer alır. Nəticə etibarilə ayrı-ayrı şəxslər tərəfindən məqsədli şəkildə dövriyyəyə buraxılmış mülahizənin gerçəklik kimi qəbul edilmə təhlükəsi yaranır”. SİA-nın verdiyi məlumata görə, bu barədə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

Deputatın sözlərinə görə, mövcud durumda bütün kütləvi informasiya vasitələri təmsilçilərinin məsələyə həssas yanaşmalarını istərdik: “Heç bir şaiyənin rəsmi qurumlarımızın timsalında insanların dövlətə olan inamının sarsılma ehtimalı yaratmasına, ümumən bununla bağlı şübhələrə meydan verilməməlidir. Media peşəkar davranmalıdır, üzərinə düşən vəzifəni layiqli şəkildə həyata keçirməlidir. Belə vəziyyətlərdə IP toplamaq naminə, guya vacib xəbər yayırmış kimi təşviş yaradan sərlövhələr seçmək, əsassız düşüncə və mülahizələri gündəmə gətirmək yalnız qeyri-peşəkarlıq deyil, ümumilikdə vətəndaş cəmiyyəti dəyərlərinə aşkar həqarətdir.

Müvafiq dövlət qurumları da sosial şəbəkələrdə yayımlanmış fikirlərin cəmiyyətdə təlaş doğura biləcəyini düşünməli, operativ reaksiya verməli, medianı operativ məlumatlarla təmin etməlidirlər. Ötən illərin təcrübəsi göstərir ki, rəsmi məlumatsızlıq şaiyələrin gerçəklik kimi ictimai rəyə yansıması üçün əsas yaradır. Buna qətiyyən yol vermək olmaz”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...