"Ermənilərin yaraladığı qadının bədənində 3-4 qəlpə qalıb" RƏSMİ

"İyulun 4-də Ermənistan silahlı birləşmələrinin Füzulinin Alxanlı kəndini atəşə tutması nəticəsində yaralanan, hazırda isə Horadiz Şəhər Xəstəxanasında müalicə edilən Sərvinaz Quliyevanın sol aşağı ətrafında qəlpələr qalıb". Bu barədə SİA-ya Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov məlumat verib.

Hazırda xəstənin sol aşağı ətrafında 3-4 xırda qəlpənin olduğunu dilə gətirən baş həkim bildirib ki, indiki şəraitdə həmin qəlpələrin çıxarılması doğru deyil: "Qəlpələrin çıxarılması üçün böyük cərrahi kəsiyin aparılması lazımdır. Lakin indi buna ehtiyac yoxdur. Hazırda xəstə müalicə müddətindədir və heç bir narahatlığı yoxdur və xəstə həmin qəlpələrlə ömrünün sonuna kimi yaşaya bilər. Əgər narahatlıq olsa, o zaman əməliyyat aparıla bilər. Ümumilikdə xəstənin vəziyyəti yaxşıdır".

Məlumat üçün nəzərinizə çatdıraq ki, iyulun 4-də erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini atəşə tutublar və nəticədə kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə