“Heydər Əliyevin ideyalarının tədqiqi qarşımızda duran çox mühüm vəzifədir” - YAP-ın Sədr müavini

“Heydər Əliyevin tarixiliklə müasirliyin vəhdətini yaradan ideyalarının tədqiqi və təşviqi qarşımızda duran çox mühüm vəzifədir. Ümummilli Liderin ideyaları əsasında Azərbaycana tarixi uğurlar qazandıran, onun dövlətçilik irsini yaşadan, xalqın inam və etimadını doğruldaraq yeni və müstəqil Azərbaycan quruculuğunu təmin edən Yeni Azərbaycan Partiyası bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyət göstərir”. SİA xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Heydər Əliyev irsi: Milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” adlı konfransda deyib.

“Bu gün biz Ulu Öndərin zəngin dövlətçilik irsinin yaşadılması məqsədilə və onun əziz xatirəsinə sonsuz ehtiram əlaməti olaraq yaradılmış Heydər Əliyev Fondunun 20 illiyini də qeyd edirik.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond adını daşıdığı dahi şəxsiyyət, müdrik dövlət xadimi Heydər Əliyevin əbədiyaşar ideyalarının tədqiqi və təşviqinə, siyasi irsinin xalqımızın milli-mənəvi sərvəti kimi gələcək nəsillərə ötürülməsinə dəyərli töhfələr verir”,- deyə o əlavə edib.

T. Budaqov qeyd edib ki, istər ölkəmizdə, istərsə də respublikamızın hüdudlarından kənarda çoxşaxəli fəaliyyət göstərərək səmərəli layihələr reallaşdıran Heydər Əliyev Fondu həm yeni cəmiyyət quruculuğu və respublikamızın davamlı inkişafında, həm də Azərbaycanın müsbət beynəlxalq imicinin möhkəmlənməsində müstəsna rol oynayır: “Heydər Əliyev Fondunun irəli sürdüyü təşəbbüslər və həyata keçirdiyi layihələr cəmiyyətimizin yaradıcı və intellektual potensialının inkişafına, mənəvi dəyərlərin qorunub yaşadılmasına, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə, milli həmrəyliyin güclənməsinə, xeyirxahlıq, humanizm kimi ali dəyərlərin və mədəniyyətlərarası dialoqun təşviqinə, eləcə də Azərbaycan reallıqlarının beynəlxalq müstəvidə geniş təbliğinə xidmət göstərir. Xüsusilə də, möhtəşəm Zəfərimizin əsaslarının möhkəmləndirilməsi, işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində görülən işlər xalqımızın öz keçmişinə sadiqliyini və gələcəyə inamlı baxışını ifadə edir, onun qurub yaratmaq əzmini və bütövlükdə Azərbaycanın qüdrətini dünyaya nümayiş etdirməklə həm ölkəmizdə, həm də beynəlxalq arenada olduqca yüksək qiymətləndirilir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə