“Heydər Əliyev yolu Azərbaycanın yüksəlişinin alternativsiz əsaslarını təşkil edir“ - YAP Mərkəzi Aparatının rəhbəri

“Müasir Azərbaycanın bugünkü reallığı Ulu Öndərin milli və bəşəri məzmunlu ideyalarının əbədiyaşarlığını aydın ifadə edir. Heydər Əliyev irsini müasir çağırışlara uyğun zənginləşdirərək varislik prinsipi əsasında uzaqgörən və məqsədyönlü siyasət həyata keçirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev xalqımıza şanlı dövlətçilik tarixinin ən möhtəşəm uğurlarını qazandırmışdır. Bu nailiyyətlərin zirvə nöqtəsi isə 30 il ərzində Ermənistanın işğalı altında qalmış torpaqlarımızın azad edilməsi və ölkəmizin suverenliyinin bərpasıdır”. SİA xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Heydər Əliyev irsi: Milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Ulu Öndərin müəyyənləşdirdiyi bütün strateji hədəflər reallığa çevrilir, ölkəmizin qarşısında yeni perspektivlər açılır: “Azərbaycanın beynəlxalq mövqeyi, o cümlədən tarixi Zəfərimizin əsasları möhkəmləndirilir, Qarabağda və Şərqi Zəngəzurda aparılan nəhəng quruculuq işlərinə paralel olaraq Böyük Qayıdış prosesi uğurla həyata keçirilir, Azərbaycanın milli gücü gündən-günə artır. Bir sözlə, mövcud reallıqlar bir daha təsdiq edir ki, Heydər Əliyev yolu Azərbaycanın yüksəlişinin alternativsiz əsaslarını təşkil edir, onun zəngin dövlətçilik irsi və əbədiyaşar ideyaları gələcək uğurlarımıza yol açır.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə