Azərbaycan-Türkiyə “Anadolu Ankası” davam edir

Ərazinin vizual müşahidəsi aparılmaqla şərti düşmən obyekti qiymətləndirilib, daha sonra onun avtomobil kolonu pusquya salınıb və "terror qruplaşmasının üzvləri" ələ keçirilib

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Ankası – 2024” ("Anatolian Phoenix - 2024") beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimin növbəti günündə iştirakçılara təhlükəsizlik qaydaları, yerinə yetiriləcək tapşırıqlar və onların icra ardıcıllığı, axtarış-xilasetmə tədbirinin görüləcəyi ərazinin relyefi, quruluşu və iqlimi ilə bağlı zəruri məlumatları əks etdirən brifinq təqdim edilib.

Hərbi manevrlər planına əsasən, ərazinin vizual müşahidəsi aparılmaqla şərti düşmən obyekti qiymətləndirilib, daha sonra onun avtomobil kolonu pusquya salınıb və "terror qruplaşmasının üzvləri" ələ keçirilib.

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu və aviasiya vasitələrinin də iştirak etdiyi təlimin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən iştirakçı ölkələrin hərbi qulluqçuları arasında qarşılıqlı uzlaşma və təcrübə mübadiləsinin təmin edilməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə