"Təlimlərin miqyası daha da artacaq" - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan, Gürcüstan və Türkiyə bölgə dövlətləri olmaqla yanaşı həm də bölgədə sülh və sabitliyin bərqərar olmasında maraqlı olan ölkələrdir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Ramil Məmmədli bildirib.


Onun sözlərinə görə, hər üç ölkə regional təhdidlərin qarşısını almaq üçün zaman-zaman birgə müxtəlif proseslərdə iştirak ediblər: “Ayrı-ayrılıqda da bu ölkələr arasında hərbi sahədə əməkdaşlıqlar mövcuddur. Məsələn, Azərbaycan- Gürcüstan, Azərbaycan-Türkiyə və eyni zamanda Gürcüstan-Türkiyə. Bütün bu amillər hər üç ölkənin hərbi sahədə əməkdaşlıq etməsini məcbur edir.

Hesab edirəm ki, ənənəvi hal alan bu təlimlərin davam etdirilməsi bölgədə yarana biləcək təhlükənin qarşısını almaq və müdafiə imkanlarının möhkəmləndirilməsini təmin etməyə xidmət edir. Digər tərəfdən, həm də ölkələr arasındakı hər üç ölkənin hərbi sturukturlarının bilik və bacarıqlarını inkişaf etdirməsi, istifadə etdikləri texnikalar haqqında məlumat toplamaları, istifadə qaydalarını öyrənmələri baxımından əhəmiyyətlidir”.

Ramil Məmmədli sözlərinə belə davam edib: “Təbii ki, bu əməkdaşlıq hər hansı bir hərbi blokun formalaşması mənasını almır. Yalnız ümumi münasibətlərin formalaşması baxımından əhəmiyyətlidir. Gürcüstanın hazırki siyasi mövqeyi və Gürcüstana olan təzyiqlər bu ölkənin müdafiəsinin daha da mükəmməlləşdirilməsinə ehtiyac olduğunu göstərir. Azərbaycan hərbi baxımdan güclü olan və yüksək döyüş hazırlığına malik olan ordusu ilə Gürcüstanın hərbi sturukturlarının təcrqbələrinin artırılması üçün olduqca əhəmiyyətli nümunədir.

Düşünürəm ki, bu təlimlərin miqyası daha da artacaq, digər qonşu ölkələr də burada iştirak edəcəklər. Biz bilirik ki, dünyada müharibələrin forması dəyişib. Hibrid müharibələr daha geniş miqyas alıb. Bu cür təhlükələrdən qorunmaq hər üç ölkə üçün vacibdir. Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında da olduqca böyük əhəmiyyətə malikdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə