“Müasir dövlətçilik tariximizin taleyüklü məqamları Ulu Öndərin adı ilə bağlıdır” - Tahir Budaqov

“Müasir dövlətçilik tariximizin taleyüklü məqamları və ən böyük uğurları, heç şübhəsiz, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Müdrik dövlət xadimi fəaliyyətinin bütün mərhələlərində milli maraqların qorunmasına, mənəvi dəyərlərin və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər görmüş və Azərbaycanın tərəqqisini təmin etmişdir. SSRİ dövründə Heydər Əliyevin respublikamıza rəhbərliyi zamanı görülən işlər ölkəmizin hərtərəfli inkişafının əsasını qoymuş, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır”. SİA xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Heydər Əliyev irsi: Milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” adlı konfransda çıxışı zamanı deyib.

T.Budaqov vurğulayıb ki, Ümummilli Liderimizin Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri kimi fəaliyyəti də müasir dövlətçilik tariximizin ən mühüm səhifələrindəndir: “O, həmin dövrdə blokada şəraitində olan muxtar respublikanı ağır sosial-iqtisadi vəziyyətdən xilas edərək dirçəlişinə nail olmuş, müstəqillik ideyası əsasında gələcək milli inkişafın siyasi-ideoloji təməllərini formalaşdırmışdır.

Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər isə Azərbaycanın ən yeni tarixinə müstəqil dövlət quruculuğu, sosial-iqtisadi inkişaf və siyasi yüksəliş dövrü kimi həkk olunmuş, bugünkü tarixi uğurlarımızın, o cümlədən möhtəşəm Zəfərimizin fundamental əsasları yaradılmışdır”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə