Dünyada arılar kütləvi şəkildə məhv olur

Dünyada arılar kütləvi şəkildə məhv olur

Yer kürəsində arıların kütləvi şəkildə məhv olması prosesi müşahidə edilir və alimlər hələ də bunun dəqiq səbəblərini müəyyənləşdirə bilməyiblər.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Koltsov adına İnkişaf Biologiyası İnstitutunun aparıcı elmi işçisi, biologiya elmləri namizədi və apioloq Dmitri Boquslavski məlumat bildirib.

Onun sözlərinə görə, arı ailələrinin çökməsi fenomeni artıq dünyanın 50 ölkəsində qeydə alınıb və bu, yalnız Rusiyaya xas problem deyil. Alim qeyd edib ki, hadisənin səbəbləri ilə bağlı müxtəlif ehtimallar irəli sürülsə də, bu günə qədər dəqiq elmi izah tapılmayıb.

D.Boquslavski bildirib ki, belə hallarda pətəkdəki işçi arılar təxminən bir həftə ərzində yox olur. Nəticədə yalnız ana arı və bəzən az sayda erkək arı qalır. Əvvəllər hesab olunurdu ki, işçi arılar pətəkdən uzaqlaşdıqdan sonra istiqamətlərini itirərək geri qayıda bilmirlər. Lakin aparılan müşahidələr göstərib ki, hətta arı ailəsi pətəkdə saxlanıldıqda, onlara kifayət qədər qida, su və uyğun temperatur şəraiti yaradıldıqda belə, arılar yenə məhv olurlar.

Alimin sözlərinə görə, arıların kütləvi şəkildə yox olması ilk dəfə 2006-cı ildə elmi ədəbiyyatda təsvir edilib və o vaxtdan bəri bu problem dünyanın müxtəlif ölkələrində müşahidə olunmaqdadır.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə