Ukraynanın dron strategiyası Rusiyanın təchizat xətlərini zəiflədib

Ukraynanın dron strategiyası Rusiyanın təchizat xətlərini zəiflədib

Ukrayna ordusu Rusiyanın cəbhə arxasındakı logistika və təchizat şəbəkələrinə qarşı genişlənən dron hücumları həyata keçirir.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiyanın xüsusilə cənub istiqamətindəki hərbi təchizat xətlərinə ciddi zərbə vuraraq Moskvanın əməliyyat imkanlarını çətinləşdirir.

Yeni nəsil orta məsafəli Ukrayna dronları körpülər, dəmir yolu xətləri, yanacaq daşıyan karvanlar və nəqliyyat marşrutlarını hədəf alır. Bu isə Rusiyanın ön xəttə silah, yanacaq və digər resursların çatdırılmasını xeyli çətinləşdirir .

Məlumata əsasən, Ukrayna son aylarda dron müharibəsini daha sistemli və koordinasiyalı şəkildə aparır. Hücumlar yalnız cəbhə xətti ilə məhdudlaşmır, eyni zamanda arxa bölgələrdə yerləşən logistika mərkəzləri və infrastruktur obyektlərinə yönəldilir .

Analitiklər bu yanaşmanı müasir müharibə taktikasında dönüş nöqtəsi kimi qiymətləndirir. Ukraynanın məqsədi Rusiya ordusunun təchizat zəncirini pozaraq onun əməliyyat davamlılığını zəiflətmək və iqtisadi təzyiq yaratmaqdır.

Dronların kütləvi və dəqiq istifadəsi müharibənin xarakterini dəyişdirərək ənənəvi cəbhə döyüşlərindən daha çox “logistika müharibəsi” modelinə keçidi sürətləndirir.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə