Türkiyə ABŞ Prezidenti Donald Trampın qlobal sülh gündəliyinin təmin edilməsi ilə bağlı seçkiqabağı vədlərinə əməl etməsini gözləyir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziya, İndoneziya və Pakistana səfəri çərçivəsində onu müşayiət edən jurnalistlərə söyləyib. Türkiyə liderinin sözlərinə görə, Ağ evin yeni rəhbərinin addımları müharibəyə deyil, sülhə xidmət etməlidir.
Ərdoğan Yaxın Şərqdəki vəziyyətə diqqət çəkərək, “Mən etdim, belə də olacaq” prinsipinin regionda işə yaramayacağını vurğulayıb. “Qəzza sektorunda hazırkı vəziyyət həqiqətən də çox həssas və qarışıqdır. Buna görə də münaqişənin ədalətli həlli yollarının təmin edilməsi istiqamətində atılacaq addımlar üstünlük təşkil etməlidir. Bu, fələstinlilərin hüquqlarının müdafiəsi üçün vacib amildir”, - deyə Türkiyə Prezidenti söyləyib və Ankaranın Fələstin-İsrail münaqişəsi zonasında atəşkəs rejiminin əldə edilməsi ilə bağlı çağırışlarını xatırladıb.
D.Trampın Qəzza ilə bağlı bəyanatlarını şərh edən Türkiyə Prezidenti deyib: “Təəssüflər olsun ki, ABŞ bizim regionla bağlı səhv mövqe tutub. İstənilən addım regionun tarixi irsi və dəyərlərini nəzərə alaraq atılmalıdır. Bundan kənar istənilən nəzər nöqtəsi Birləşmiş Ştatlara fayda verməyəcək. Bu, gözlənilən sülhün bərpa edilməsi planına zidd və səhv yoldur”.
O əminliklə bildirib ki, fələstinlilərin Qəzza sektorundan köçürülməsi ilə bağlı bəyanatları heç bir müsəlman dövləti dəstəkləməyəcək və Yaxın Şərqdə yalnız qarşıdurmaların daha da dərinləşməsinə gətirib çıxaracaq.
Ankaranın xarici siyasi kursuna gəlincə, Ərdoğan söyləyib ki, Türkiyənin nüfuzu artdıqca, Şərqdə və Qərbdə ölkəyə olan maraq daha da artacaq.
Rəcəb Tayyib Ərdoğan Türkiyəni “iki müxtəlif dünya arasında möhkəm körpü” adlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə