İsraillә Hizbullah arasındakı gәrginlik

SİA Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın araşdırmaçı-yazarı Can Acunun mövzu ilә bağlı qәlәmә aldığı mәqalәni tәqdim edir

2023-cü il oktyabrın 7-də Qəzzada başlayan münaqişə sәbәbindәn İsraillə Hizbullah arasında toqquşmalar yaşansa da, Qəzzadan fərqli olaraq bu sahədə idarə olunan münaqişə dinamikası hökm sürürdü. Ancaq son həftələrdə gərginliyin və genişmiqyaslı müharibə təhlükəsinin gündən-günə artdığı müşahidə olunur. Həm İsrail rəsmilərinin, həm də Hizbullah liderlərinin sərt bəyanatları və davranışları vəziyyəti daha da gərginləşdirir.

2023-cü il oktyabrın 7-də ''Həmas''ın İsrailə qarşı başlatdığı gözlənilməz hərbi əməliyyat və İsrailin buna sərt reaksiyası boyunca bütün diqqətlər Hizbullaha çevrilmişdi. Livanın cənubuna faktiki olaraq nəzarət edən Hizbullah İranın müqavimət xətti daxilindəki strukturdur.

Daha əvvəl dəfələrlə İsraillə toqquşan Hizbullah son dəfə 2006-cı ildə İsraili böyük hərbi münaqişəyə cəlb edib və ciddi itkilər verməsinə səbəb olub. Hizbullah bu yaxınlarda İsrailin Hayfa şəhəri üzərindəki strateji nöqtələri əks etdirən bir video-çarx yayımlayıb. Kəşfiyyat PUA-sı ilə radarlar vasitəsilə çəkilən bu kadrlar əslində Hizbullahın İsrailin strateji hədəflərini məhv edə biləcəyinə dair mesaj verir.

Hizbullahın İsrailə qarşı sərt ritorikası və bu ölkəyə qarşı müharibə aparacağını bəyan etməsi gözləntiləri artırsa da, Hizbullah İsraili daha nəzarətli şəkildə hədəf almağa üstünlük verib. Bu səbəbdən şimal cəbhəsində vaxtaşırı eskalasiya yaransa da, heç vaxt genişmiqyaslı müharibə vəziyyəti yaşanmayıb. Bölgədə İsrailə itkilər verdirən və yüz minlərlə israillinin düşərgələrə köçürülməsinə səbəb olan münaqişə var idi. Son vaxtlar Hizbullahın hücumlarının intensivləşdiyi müşahidə olunur. Bəlkə də indi “müqavimət xətti” və Hizbullah üçün әn doğru vaxtdır.

Netanyahuya şimal cəbhəsi mövzusunda ciddi təzyiqlər göstərilir. Hizbullahı çəkindirəcək güclü hava bombardmanlarına əlavə olaraq, Hizbullahı Litani çayının şimalına doğru çәkilmәsinә səbəb olacaq bir əməliyyat planı həyata keçirilə bilər. İsrailin şimal cəbhəsi ilə bağlı hәdәfi Hizbullahın Litani çayının şimalına doğru geri çəkilməsini təmin etməkdir. İsrail ordusu burada bufer zona yaratmaq istəyir, lakin bunu da qeyd etməliyik ki, Hizbullah asimmetrik bir qüvvə kimi illərdir belə bir müharibəyə hazırlaşır və on minlərlə raket və kamikadze sistemlərinə malikdir. ‘‘Həmas’’ın öhdəsindən gələ bilməyən İsrailin şimal cəbhəsində uğur qazana biləcəyini düşünmək çox optimist yanaşma olardı.

Qeyd etməliyik ki, ABŞ qeyri-müəyyən mövqe nümayiş etdirir. Bir tərəfdən İsrailə hərbi dəstək verməyə davam edir, digər tərəfdən də yayılma ehtimalı olan İsrail-Hizbullah müharibəsini istəməyərək tərəflərə bundan çəkinmələri ilə əlaqədar çağırış edir. Bununla belə, demək olar ki, ABŞ daxilindəki sionist güc mərkəzləri Ağ Evin Netanyahuya real təsir göstərməsinə mane olur. Bu səbəbdən genişmiqyaslı müharibə baş versə, ABŞ-ın onu dayandırmaq üçün kifayət qədər iradəyə malik olacağını söyləmək mümkün deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə