"Evliliyin ilk 5-10 ili sınaq müddətidir" - PSİXOLOQ İZAH ETDİ

"Ümumiyyətlə, qeyd olunur ki, evliliyin ilk 5-10 ili sınaq müddətidir. Bu hər kəsdə fərdi şəkildə cərəyan edir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

Psixoloq bildirib ki, insanların ailə qurmamışdan öncəki məqsəd və hədəfləri insan üçün bəllidirsə, insan ailəli dönəmində üzləşdiyi problemlərə göz yuma bilir, təhlil edə bilir: "Ən azından sağlam təfəkkürü varsa, hansı olmasından asılı olaraq üzləşdiyi problemləri daha adekvat yolla, çətinliyə düşsə belə, sağlam şəkildə həll edə bilir.

Çətinliklər keçir, qarşılıqlı anlaşma pozulursa, konfliktlər yaranır, kiçik konfliktlər əgər konstruktiv konfliktdirsə, yəni qurucudursa, insanlar bir-birinə həyat dərsi vermiş olur. İlk 5-10 ili insanlar sanki bir-birinə adaptasiya olmaları üçün qarşı tərəfə həyat dərsi vermiş olurlar deyə bu müddət sınaq müddəti, təhlükəli hesab olunur. Bu hər kəs üçün belədir. Yalnız biz deyə bilmərik ki, bütün insanlar bu müddətin ustalıqla, çox böyük məharətlə öhdəsindən gəlirlər. Bu müddət nisbidir".

Onun sözlərinə görə, insan ailəli olduğu müddətdə ailəsini qorumaq üçün əlindən gələni etməli, çətin günləri aşmağı bacarmalıdır: "Boşanma 20 il sonra da ola bilər. Boşanmayıb qəlbən boşanan insanlar var. Sənəd üzərində deyil, mənəvi olaraq bir-birindən ayrılan insanlar var. Amma insanların, doğmaların ailələrə müdaxiləsi, cütlüklərin xarakterlərini qəbullana bilməmələri, çətinlik çəkmələri kimi situasiyalarda dözümsüzlük, səbrsizlik, iradəsizlik, yaxud da tez nəticə çıxarıb dağıdıb, məhv etmək kimi düşüncələr yarana bilir. Yaşla əlaqədar insanın təcrübəsi artır. İnsan bu müddət ərzində qarşı tərəfin mənfi və müsbət tərəflərini daha doğru, dürüst sezə bilir, ya qiymətləndirir, ya dözür, ya dözə bilmir, ayrılmaq istəyir. O qədər fərqli situasiyalar var ki, ümumilikdə götürsək isə deyə bilərik ki, ilk illər sınaq ili adlanır. Bu sınaqdan da hər iki tərəf bir-birinə dəstək olaraq çıxırlar. Özləri də bunun fərqinə varmırlar. Həmin müddətdə də onları həqiqətən, çətin yollar gözləyir. Bunu evlilik dönəmində nəzərə almaq lazımdır ki, mənim müstəqil həyata qədəm qoyduğum bu müddət məndən ustalıq, məharət, səbr tələb edir və mən bütün resurslarımı kökləməliyəm, ailəmin sağlam inkişafı naminə bunu etməliyəm. Hər iki tərəf bir-birinə dərs verməli və öyrətməlidir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə