“Ölkəmizdə din-dövlət münasibətləri yüksək səviyyədə tənzimlənir” - MÖVQE BİLDİRİLDİ

“Azərbaycan dünyəvi respublika, eyni zamanda tolerant dövlətdir. Azərbaycan xalqı tarix boyu öz adət-ənənələri milli və dini dəyərləri ilə öyünüb, fəxr edib. Bu milli və mənəvi dəyərlər də xalqa hörmət gətirib, onun birliyini təmin edib, inkişafa səbəb olub. Cümhuriyyət dövründə belə milli hökumətdə dini işləri tənzimləyən nazirlik mövcud idi. Yetmiş illik Sovet dönəmi İslam dini ilə bağlı, o cümlədən Azərbaycanda qeyri-islami dinlərlə bağlı olan bütün dəyərlərə qadağalar qoydu. Müxtəlif din sahibləri yetmiş il ərzində bunun çətinliklərini gördülər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Deputat bildirib ki, azərbaycanlı din adamlarının əksəriyyəti güllələndi, bir hissəsi Sibir və Qazaxıstana sürgün olundu, bir hissəsinin isə səsləri alındı: “Dini kitablar, o cümlədən müqəddəs Qurani-Kərimin evdə saxlanılması qadağan edildi, məscidlər bağlandı, bəziləri isə dağıldı.

Yetmiş illik Sovet dönəmindən sonra Azərbaycan müstəqilliyini bərpa etdi və Azərbaycanda Sovet dönəmində cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda məscidlərin sayı 2500-dən çoxdur. Dini məktəblər, mədrəsələr açıldı. Bu gün Azərbaycanda ali səviyyədə İlahiyyat İnstitutu fəaliyyət göstərir. Bütün bunlar göstərir ki, Azərbaycan tolerant dövlətdir, din və dövlət münasibətlərinin tənzimlənməsi Ümummilli Liderin adı ilə bağlıdır və bu gün həmin münasibətlər ən yüksək səviyyədədir.

Vaxtilə də, bu gün də xaricdə dini təhsil alanlar var. Əgər məqsəd dini öyrənməkdirsə, təhsil almaq hər zaman gözəldir. Amma dövlət maraqlarınının əleyhinə çıxış etmək üçün təhsil alınırsa, buna xaricdən də, ölkə daxilində də cəhd göstərirlər. Kütləvi şəkildə xaricdə dini təhsil almağa ehtiyac yoxdur. Çünki Azərbaycanda bu gün İslam dini ilə bağlı tələbənin tələblərini ödəyə biləcək mütəxəssislərimiz var. Həmçinin din və təhsil sahəsində ayrı-ayrı ölkələrlə əməkdaşlıqlarımız var. Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə din-dövlət münasibətləri yüksək səviyyədə tənzimlənir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə