Xarici turistlər COP29 haqqında nə düşünür? - SORĞU

Ölkəmizdə turistlərin sayı günü-gündən artır. Həm paytaxt Bakını, həm də Azərbaycanın digər bölgələrini gəzmək, ölkəmizi yaxından tanımaq üçün dünyanın hər yerindən gələnlər var. Noyabr ayında Bakıda keçiriləcək COP29 da ölkəmizə turist axınına təsir göstərir. Bəs, turistlərin Azərbaycanla bağlı təəssüratları və COP29 haqqında fikirləri necədir? SİA mövzu ilə bağlı xarici turistlər arasında sorğu keçirib.

Hindistan vətəndaşı Viviq Denauri: "Azərbaycana bugün gəlmişəm və buraya ilk səfərimdir. Azərbaycan və Hindistan din, eləcə də mədəniyyət və yeməkləri baxımından çox fərqlidir. Azərbaycanda sadəcə tantuni yemişəm və çox bəyənmişəm.
Bizim ölkə də daxil olmaqla, bütün dünyada qlobal istiləşmə öz təsirini göstərir, günbəgün havanın temperaturu daha da artır. Hindistanda hətta yağış da mütəmadi olaraq yağmır. Buna görə ətraf mühiti qorumaq vacibdir”.

Braziliya vətəndaşı Renauldo Karvallio: "Azərbaycana iki il öncə gəlmişəm və ailəmlə birgə burada yaşayıram. İngilis dili müəllimi işləyir, onlayn dərs keçirəm. Həyat yoldaşım isə Azərbaycanda hökumət idarəsində işləyir. Azərbaycanın ət yeməklərini daha çox sevirəm. Bundan əlavə Qəbələ, Şəki, Lənkəran rayonlarında olmuşam. Şəki və Qəbələnin havası çox təmizdir. Lənkəranı isə xüsusilə bəyənirəm, əsasən də limon ağaclarını, təbiətini. Hələki Qarabağda olmamışam, amma nə zamansa mümkün olsa, getmək istəyirəm.

Mənim fikrimcə, Azərbaycan üçün bu böyük bir fürsətdir, çünki Azərbaycan öndə gedən neft və qaz istehsalçılarından biridir. Buna görə də sizin ətraf mühitin gələcəyini qorumaq üçün qayğı göstərməniz və narahat olmağınız yaxşı bir şeydir”.

Ərəbistan sakini Əhməd Səid: "Sözsüz ki, Azərbaycan mədəniyyətini bəyənirəm. Daha öncə Şahdağ, Qəbələ, Quba və s. rayonlarda olmuşam. Azərbaycanın ən çox dönər kababını bəyənirəm”.

Avropa vətəndaşı David Kolbert: “Bir neçə aydır ki, burdayam. Şəhər ilə bağlı təəssüratlarım yaxşıdır. Özüm o qədər də yeyimcil insan olmasam da, yoxladığım yeməkləri çox bəyəndim. Hələki heç bir regiona səyahət etməyə imkan olmayıb, sadəcə Bakıda olmuşam. Biz hamımız ümid edirik ki, iqlim dəyişikliyi ilə bağlı həll yolu tapılacaq və Azərbaycan bu məsələdə köməklik göstərə bilər”.

Pakistan vətəndaşı Asif Shafiq: "Artıq iki aydır Azərbaycandayam. Bu müddət ərzində sadəcə Bakıda, xüsusilə də "Tarqovu"da gəzmişəm. Azərbaycan xalqı alicənab və çox mehribandır. Doğrusu, hələ Azərbaycan yeməklərini dadmamışam. Yalnız Nizami küçəsində yerləşən Pakistan restoranlarında olmuşam. Azərbaycan və Pakistan arasında çox fərq var. Xüsusilə temperatur cəhətdən fərqi hiss etmək mümkündür. Pakistanda havanın temperaturu az qala 45-48 dərəcə, Bakıda isə 30-32 dərəcə olur".

Qazaxıstan vətəndaşı Xarat Kubeq: “Bir neçə gün əvvəl gəldim Bakıya, təəsüratlarım çox yaxşıdır. Küçələriniz təmiz və səliqəlidir. Arxitekturanız Avropaya bənzəyir və şəhərdə gəzmək insana xoş təsir bağışlayır. İki gün əvvəl ilk dəfə olaraq Azərbaycan toyunda oldum və adət-ənənlərinizi bəyəndim”.

Çin vətəndaşı Jou Na: "Azərbaycana bu gün gəlmişəm. İstirahət üçün Azərbaycanın bəzi rayonlarına getmək istəyirəm, sadəcə yalnız olduğum üçün əmin deyiləm. Öncədən araşdırmalarıma əsasən, buranın təbiətini çox bəyənirəm".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə