Təhqir edən, böhtan atan şəxsi birbaşa məhkəməyə vermək olar? - MÜNASİBƏT BİLDİRİLDİ

"Təhqir, böhtan, müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma, ixtiraçılıq və patent hüquqlarını pozma cinayətləri ilə bağlı cinayət təqibi xüsusi ittiham qaydasında aparılır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, bu o deməkdir ki, bu kimi cinayətlərlə bağlı zərərçəkmiş şəxs özü şikayət ərizəsi ilə məhkəməyə müraciət edir: "Bu cinayətlərlə bağlı şəxs hüquq mühafizə orqanlarına (polis, prokurorluq və s.) deyil, birbaşa məhkəməyə müraciət edir. Bu cinayətlərin ictimai ittiham qaydasında ibtidai istintaqı aparılmır. Əgər vətəndaşın şikayəti əsaslıdırsa, məhkəmə şikayəti icraata qəbul edir. Əks halda xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilir. Cinayət təqibi xüsusi ittiham qaydasında aparılan həmin cinayətlərə nəzər salaq: Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma— min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmin Məcəllənin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma —min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

"Həmin Məcəllənin 165-ci maddəsinə əsasən, müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa—min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.

Həmin Məcəllənin 166-cı maddəsinə əsasən, ixtiraçılıq və patent hüquqlarını pozma, yəni ixtiradan və ya səmərələşdirici təklifdən qanunsuz istifadə etmə və ya ixtira yaxud səmərələşdirici təkliflərin mahiyyəti barədə məlumatları müəllifin razılığı olmadan və rəsmi dərc edilənədək yayma, müəllifliyi mənimsəmə, şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa—min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə