Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Çin münasibətləri

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Azərbaycan Çin Xalq Respublikası ilə əlaqələrə böyük önəm verir. Ötən dövr ərzində bu əlaqələr yüksələn xətlə inkişaf edib. Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpin arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli dostluq münasibətləri yaranıb. Çin lideri Prezident İlham Əliyevi son prezident seçkilərində qələbə münasibətilə ilk təbrik edən dövlət başçılarından biri olub. Bütövlükdə, Azərbaycan-Çin əlaqələrinin inkişafında dövlət başçılarının şəxsi dostluq münasibətləri də mühüm rol oynayır. Təsadüfi deyil ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi Çinin “böyük dostu” adlandırıb.

İyulun 3-də Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən ŞƏT-in növbəti zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşünün ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyəti var. Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair qəbul edilmiş birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Bəyannamədə qeyd olunduğu kimi, tərəflərin strateji tərəfdaşlığı qarşılıqlı hörmət, bərabərlik, etimad və qarşılıqlı dəstəyə əsaslanır, Azərbaycanla Çinin xarici amillərdən asılı olmayaraq bir-birini etibarlı tərəfdaş hesab edir. Eyni zamanda, münasibətlər ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmama prinsiplərinə əsaslanır. Həmçinin, Azərbaycanla Çin insan hüquqları ilə bağlı məsələlərin siyasiləşdirilməsinə və ikili standartların tətbiq edilməsinə, insan hüquqlarının müdafiəsi bəhanəsi altında hər hansı dövlətin daxili işlərinə müdaxiləyə qarşıdır.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan “Bir kəmər, bir yol” layihəsini ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, özünün iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi, eləcə də nəqliyyat-logistika imkanları ilə onun icrasına önəmli töhfələr verir. Prezident İlham Əliyev hələ 2015-ci ilin dekabrında Çində dövlət səfərində olarkən, iki ölkə arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Dövlətimizin başçısı 2019-cu ildə 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib.

Xatırlatmaq yerinə düşər ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Çin 30 il davam etmiş keçmiş Qarabağ münaqişəsi dövründə hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Öz növbəsində, ölkəmiz də “Vahid Çin” siyasətini dəstəkləyir.

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası da Çin Kommunist Partiyası ilə geniş əlaqələrə malikdir. Partiyalar arasında səmərəli, qarşılıqlı faydalı və çoxşaxəli əlaqələr mövcuddur. Yüksək səviyyəli əlaqələr fonunda hakim partiyalar tərəfindən qarşılıqlı səfərlərin təşkil olunması və təcrübə mübadilələrinin aparılması münasibətlərin gələcək inkişafı baxımından böyük önəm daşıyır. Bu mənada, qarşılıqlı səfərlərin də önəmi xüsusi qeyd edilməlidir. Xatırladaq ki, ötən ilin may ayında YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdə olub. Səfər zamanı keçirilən görüşlərdə Azərbaycan-Çin münasibətlərinin inkişafında iki ölkənin hakim partiyalarının daimi təmaslarının və əməkdaşlıq əlaqələrinin mühüm rolu olduğunu diqqətə çatdırılıb. Eləcə də, qarşılıqlı səfərlərin partiyalararası əlaqələrin bütün istiqamətlərdə inkişafına təkan verəcəyinə əminlik ifadə edilib.

Bununla yanaşı digər qarşılıqlı səfərlər də reallaşıb, həmçinin 2021-ci ilin iyul ayında Çin Kommunist Partiyasının yaranmasının 100 illiyi münasibətilə Çin Kommunist Partiyası və Dünya Siyasi Partiyalarının videokonfrans formatında keçirilən sammitində Yeni Azərbaycan Partiyasının nümayəndələri də iştirak ediblər. Hazırda Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında əməkdaşlıq uğurla inkişaf edir. Bütövlükdə, iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişafı xalqlarımızın maraqlarına cavab verir. yap.az

Bütün xəbərlər Facebook səhifəmizdə