“Özəl sektorda kommunal xərclərin çox olması haqlı narazılıq yaradır” - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Yeni qərara əsasən “JEK”-lər fərdi yaşayış evlərindən və çoxmənzilli binalarda pasport qeydiyyatında olan hər kəsdən ayda bir manat “zibil pulu” alacaq. Bu minimal ödəniş hesab olunur. Bu yalnız zibillərin atılması və toplanması üçün hesablanıb. Bununla paralel yeni çoxmənzilli yaşayış binalarına nəzər salsaq, görərik ki, Bakı və Abşeron yarımadası üzrə aylıq kommunal xərclər mənzilin kvadratına görə minimal olaraq 20 qəpikdən başlayaraq mərkəzə doğru 2 manata qədər dəyişir. Məsələn, şəhərin mərkəzindəki 100 kvadratmetrlik bir mənzilin aylıq kommunal ödənişi haqqı hətta 200 manata qədər arta bilir”. Bu sözləri SİA-ya danışan daşınmaz əmlak eksperti Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, özəl sektorda kommunal xərclərin çox olması təbii ki, vətəndaşlar arasında haqlı narazılıq yaradır: ““JEK”lərdən fərqli olaraq, yeni tikilən binalarda kommunal pullar təkcə “zibil pulu” üçün deyil. Həyətlərin və giriş qapılarının işıqlandırılması, lift, təmizlik və digər xidmət haqları da bura daxildir.

Praktika göstərir ki, yeni binlarda yığılan kommunal xərclər həmin ay xərclənir. Lakin qanunvericiliyə görə çoxmənzilli binalarda toplanan pulların bir hissəsi sakinlərin formalaşdırmalı olduqları büdcəyə toplanmalıdır. Yəni hər bir idarəetmə şirkəti və yaxud mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti öz büdcəsini formalaşdırmalıdır. Bu büdcə hesabına da gələcəkdə ortaya çıxan problemlər öz həllini tapmalıdır”.

“Çox təəssüf ki, yeni binaların sakinləri aylıq xərcləri ödəsələr də, ortaya çıxan qəzalar- su borusunun, liftin və digər qurğuların sıradan çıxması zamanı əlavə ödənişlər etmək məcburiyyətində qalırlar”,- deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə