İcazəsiz foto çəkənlər necə cəzalandırılır? - AYDINLIQ GƏTİRİLDİ

“Şəxsin razılığı olmadan onun haqqında məlumatların yayılması birbaşa məsuliyyət yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyata toxunulmazlıq hüququnu təsbit edir”. Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Əlövsət Allahverdiyev deyib.

O bildirib ki, şəxsin toxunulmazlığı sözügedən maddənin iki bəndində yer alıb: “Belə ki, 156-cı maddənin 1-ci bəndində qeyd edilir ki, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin yayılması, habelə satılması, başqasına verilməsi, qanunsuz toplanılması 100 manatdan 500 manatadək miqdarda cərimə, 240 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. 156-cı maddənin 2-ci bəndinə görə, eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yaxud edilməməklə 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

Hüquqşünas qeyd olunan normaların hər hansı şəxsin şəklinin sosial şəbəkələrdə yayılmasını qadağan etdiyini vurğulayıb.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə