"Növbədənkənar parlament seçkilərinin keçirilməsi zərurətdən irəli gəlirdi" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"İlk olaraq qeyd edim ki, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi zərurətdən irəli gəlirdi və belə bir qərarın qəbulu da əslində gözlənilən idi. Birincisi ona görə ki, Azərbaycan Respublikası Konstitusiyasına görə seçkilər noyabr ayının ilk bazar gününə, yəni 3 noyabr tarixinə düşürdü ki, bu da bir sıra səbəblərdən uğurlu tarix deyildi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, noyabr ayında ölkəmizdə çox mühüm və əhəmiyyətli beynəlxaq tədbir COP29 keçiriləcək və belə bir ərəfədə seçkilərin keçirilməsi bir sıra çətinliklər yarada bilərdi: "İkincisi isə hətta COP29-la bağlı tədbir keçirilməsə idi belə, dekabr ayında qanuna görə ölkə üzrə bələdiyyə seçkiləri keçiriləcək. Bu isə o deməkdir ki, artıq oktyabr ayında bələdiyyə seçkilərinə start verilməlidir. Belə olan halda parlament seçkilərinin noyabr ayında keçirilməsi faktiki olaraq çətinliklər törədirdi. Başqa sözlə desək, parlament seçkilərinin təbliğat kampaniyasının ən pik vaxtında bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi və qeydiyyat prosesi aparılacaqdı. Yəni 2 seçki kampaniyası faktiki olaraq eyni vaxtda həyata keçirilməli idi. Bu isə təbii ki, problemdir. Odur ki, seçkilərin önə çəkilməsi tamamilə düzgün qərardır. Digər bir tərəfdən isə parlament seçkilərinin iki ay əvvələ çəkilməsi, qanunverici orqanın fəaliyyətinin davamlılığında da heç bir problem yaratmır. Bir qayda olaraq, parlamentin payız sessiyası oktyabr ayında öz işinə başlayırdı. İndiki halda da yeni seçkilərdən sonra, əvvəllər olduğu kimi Milli Məclis yeni seçilən heyətlə, sözügedən vaxtdan etibarən öz işini davam etdirəcək".

"Bununla yanaşı, sentyabrın 1-də keçiriləcək seçkilərin həm də tarixi əhəmiyyəti var. Milli Məclisə növbədənkənar seçkiləri əvvəlkindən fərqləndirən ən mühüm cəhətlərdən biri bu seçkilərin ilk dəfə olaraq bütün Respublikamızın ərazisində keçirilməsidir. Artıq öz dədə-baba yurdlarına qayıtmış və seçkilərə qədər qayıdacaq insanımız sentyabrın 1-də Qarabağda, Şərqi Zəngəzurda səs verəcəklər. Ölkəmizin müstəqillik tarixində heç vaxt seçkilər bütün ərazilərimizi əhatə etməmişdi. İlk dəfə Prezident seçkilərində bütün ölkə boyu Prezident seçkilərinin keçirilməsi ilə yeni tarix yazıldı. İndi isə bir daha bütün ölkə ərazisində parlament seçkiləri keçiriləcək.

Şübhəsiz ki, İkinci Qarabağ savaşındakı qələbədən sonra yaranmış yeni reallıqlar özündə həm də yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılmasını ehitva edir. Belə ki, qarşıdakı dövrdə qarşımızda daha ciddi vəzifələr dayanır və bu vəzifələrin layiqincə yerinə yetirilməsi üçün parlamentin də üzərinə çox böyük məsuliyyət düşür. Odur ki, bu seçkilər növbəti illərdə bizim dövlət olaraq hədəflərimizin müəyyənləşdirilməsində mühüm rol oynayacaq və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində xüsusi əhəmiyyət kəsb edəcək" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə